Sağlamlıq Mərkəzinin açılışında iştirak edən prezident həm təhsillə, həm həkimlərin təkmilləşdirilməsi ilə bağlı görüləsi işlərin çox olduğunu deyib"Elə etməliyik ki, Azərbaycanda səhiyyə sahəsində daim inkişaf olsun". Bunu Azərbaycanın ən böyük tibb müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzinin açılışında iştirak edən prezident İlham Əliyev deyib. O, buradakı avadanlıqdan səmərəli şəkildə istifadə etdikdə gözəl nəticələr də olacağını deyib. "Çünki diaqnostika vaxtında aparılmalıdır. Burada diaqnostika üçün bütün imkanlar vardır. Müalicə düzgün aparılmalıdır. Düzgün diaqnoz qoyulmalıdır".Dövlət başçısı qeyd edib ki, 2014-cü ildə səhiyyə sahəsi, ümumiyyətlə, sosial sahə prioritet olaraq qalacaq. Artıq 2014-cü ildə ölkəmiz üçün əhəmiyyətli olan iki obyektin açılışı olub. "Ayın 3-də biz Qəbələdə müasir Dağ-Xizək Mərkəzinin açılışını qeyd etdik. Bu gün isə burada, Bakıda Sağlamlıq Mərkəzinin açılışını qeyd edirik. Nəzərə alsaq ki, bu gün 2014-cü ilin birinci iş günüdür, əminliklə demək olar 2014-cü ildə belə açılışlar çox olacaq. Əminəm ki, 2014-cü il də ölkəmiz, xalqımız üçün uğurlu il olacaq".İ.Əliyevin sözlərinə görə, sosial sahənin əsas istiqaməti insanların sağlamlığıdır. "Dünya Səhiyyə Təşkilatı Azərbaycanda aparılan islahatları təqdirlə qeyd edir. Bir sözlə, son illərdə ölkəmizdə və xüsusilə Bakıda müasir tibb müəssisələrinin yaradılması geniş vüsət alıb. Əminəm ki, gələcək illərdə hazırda təmirə ehtiyacı olan tibb müəssisələrində də təmir-bərpa işləri aparılacaq və gözəl şərait yaradılacaq.Əminəm ki, bu mərkəzdə vətəndaşlara yüksək xidmət göstəriləcək. Ancaq əlbəttə ki, səhiyyə sisteminin əsas göstəricisi həkimlərin peşəkarlığıdır. Həm təhsillə, həm həkimlərin təkmilləşdirilməsi ilə bağlı hələ görüləsi işlər çoxdur. Ümid edirəm ki, bizim bütün həkimlərimiz dünyada bu gün səhiyyə sahəsində gedən yenilikləri izləyəcəklər. Azərbaycanda ən mütərəqqi metodlar tətbiq ediləcək. Bax, peşəkarlıq da bu şəraitə uyğun olmalıdır. Belə olan halda hesab edirəm ki, Azərbaycanda səhiyyə sahəsində arzu etdiyimiz nəticə əldə olunacaq".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !