BBC-nin müxbiri Jeyms Harbek (James Harbeck) ingilis dilində yazılış və səslənmə arasındakı fərqi araşdırıb və nə üçün bu dildəki sözlərin yazılışının çətin olması məsələsinə aydınlıq gətirmək istəyib.
Azərbaycanda da bu dili öyrənməyə marağın böyük olduğunu nəzərə alaraq ANN.Az həmin məqaləni oxuculara təqdim edir:
"Hollandiyada yaşayan Cerard Nolst Trinit (Gerard Nolst Trinité) adlı bir şair ingiliscənin yazılışı ilə səslənməsi arasındakı uyğunsuzluğu 800 kəlməlik "Xaos” şeirində ortaya qoymağa çalışıb.
Həqiqətən, ingilis sözlərinin yazılışı çox çətindir. Xətası mütləq olacaq cümlə ilə rastlaşmaq mümkündür. Amma etiraf etmək lazımdır ki, ingiliscənin bu çətinliyi bütünlüklə insan amilinə söykənir.
Məsələ əlifbadan başlayır. İngilis dili latın dilinin səslərini paylaşmasa da, latın hərflərinə dayanan yazı sisteminə malikdir. Bu isə İKEA-dan ofis ləvazimatı alıb uşaq üçün oyuncaq otağı qurmağa bənzəyən bir şeydir.
İngilis dilinin "hekayə”si də işğallar, qarətlər, şıltaqlıqlar, xətalar, qürur və inkişaf kimi amillərlə ölçülür. Hətta bir ucu insanların tamahkar, tənbəl və təkəbbürlü olmasına da söykənir.
İşğal və qarət
Ən əvvəl tamahkarlığın gətirdiyi işğal və qarətdən söhbətə başlayaq. Romalılar I əsrdə Britaniya adasına ayaq basdıqda özləri ilə birlikdə əlifbalarını da gətiriblər. VII əsrdə isə anqlo-sakson-german qəbilələri Avropadan adaya gələrək özlərinə yer ediblər. IX əsrdə isə vikinqlər bəzi bölgələri işğal edərək özlərinə məxsus söz və kəlmələri xalqa "yedirdiblər”.1066-cı ildə isə norman fransızları adanı işğal edib və bu zaman bir çox işlənmə sözləri öz kəlmələri ilə dəyişdiriblər.
Bir neçə əsr sonra fransızlar adadan qovulublar, amma söz və ifadələri isə qalıb. Bu dəfə isə ingilislərin özləri işğala start veriblər. Amerikaya, Avstraliyaya və Hindistana hücum, hər yeni koloniya britaniyalılar üçün yeni ifadələrin, sözlərin mənimsənilməsi demək idi. Demək olar ki, hər kəsdən "borc"a sözlər götürülüb, amma geri qaytarılmayıb. Yəni, İngilis Dili Lüğətinə həm də "İstilalar muzeyi” kimi baxmaq mümkündür.
Bəs bu yuxarıda sadalanan tarixi faktların sözlərin yazılışı ilə nə əlaqəsi var? Məsələ ondadır ki, "borc”a götürülmüş sözlər əsasən latın dilinin yazı sistemindən ingiliscəyə keçib, amma ingilis fərdinin dilində fərqli səslərlə tələffüz olunub. Bir çox dillərdə alınma sözlər öz dil sisteminə uyğunlaşdırılır. Amma ingiliscədə bəzi "borc”a götürülən kəlmələr üçün tələffüz mənimsənilib, yazı uyğunlaşdırılıb, bəzilərində isə yazılış forması qorunub, tələffüz uyğunlaşdırılıb, bəzilərində isə hər ikisinə əml olunub.
Tənbəl dillər
İnsanların tənbəlliyi, asana qaçma xüsusiyyəti də dilə öz təsirini göstərir. Danışanın işini asanlaşdırmaq üçün dildəki bəzi səslərin atılması, ya da dinləyənin işini asanlaşdırmaq üçün bəzi səsləri daha da kəskinləşdirmək müşahidə olunur.
Skandinav və fransızların təsiri altında keçmiş ingilis dilinin bəzi qarmaqarışıqlığına son qoyulmuş (misal üçün, "hopian” sözü "hope” formasına salınıb), ya da daha sonrakı əsrlərdə olduğu kimi "kn” səsi sadələşərək "n” olub, "wr” sadələşib "r” səsini verib. Bəzi sözlərdə isə səsin atılmasına rəğmən yazı forması eynilə saxlanılıb: "laughter” sözündəki "gh” səsinin sadəcə "f” olaraq deyilməsi və ya "daughter” sözündəki eyni hərfbirləşməsinin bütünlüklə atılması kimi.
Bu prosesdə tənbəl davranan sadəcə dil və qulaq olmayıb, Fransa, Hollandiya və Belçika kimi ölkələrdən gələn yazıçıların və mətbəələrin də fəaliyyətləri təsirsiz öptüşməyib.
Təkəbbür və qürur
İngilis dilinin yazılış formasının çətinliyində təkəbbürün də rolunun olduğunu söyləmək olar.
XI əsrdən sonra yuxarı siniflərin dili fransızca olmuş, şeir, hüquq, mətbəxlə bağlı kəlmələrə, sözlərə hücumlar edilmiş, dəyişdirilmişdi. Renosans dövründə isə elm və texniki terminlərdə latınca və yunanca ifadələr ağırlıq edib.
85 il ömrünün böyük qismini amerikan dilinin formalaşmasına sərf edən, "Amerika-ingilis lüğəti”nin tərtibatçısı, amerikalı leksikoqraf Noa Uebster (Noah Webster (1758-1843) amerikan ingiliscəsini sadələşdirməyə cəhdlər edib ("colour” əvəzinə "color”, "centre” əvəzinə isə "center” kimi nümunələri çəkə bilərik). Bu zaman isə ingilislərin qüruru ortaya girib və hətta bir çox kəlmələrin daha qarmaqarışıq yazılış formalarının meydana çıxmasına xidmət edib.
Hazırda isə sözlərin oxunduğu kimi yazılaraq sadələşdirilmə cəhdləri haqqında ümumiyyətlə danışılmır. Bu fikirlər çox bəsit və savadsızlığın nişanəsi kimi qəbul edilir”.
Hazırladı Nuray
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !