İnsan hələ də təkamül edirmi? - ARAŞDIRMA

13:21 | 31.01.2014
İnsan hələ də təkamül edirmi? - ARAŞDIRMA

İnsan hələ də təkamül edirmi? - ARAŞDIRMA

İnsan təkamülü barədə düşünəndə, bizim fikrimiz istər-istəməz minlərlə il əvvələ gedir və biz müasir insanın yaranmasına səbəb olan təbii seçim prosesi barədə düşünürük. Bəs biz indi də növ kimi təkamül edirikmi? 

Yeni aparılan araşdırmaya əsasən, modern texnologiya və sənayeləşməyə baxmayaraq, insan hələ də təkamül etməkdə davam edir. "İnsanların təkamülünün uzun müddət bundan öncə dayanması barədə geniş yayılan fikir yanlışdır. Özümüzü tanımaq üçün biz lap əvvələ, insanın ovçuluq-yığıcılıq günlərinə qayıtmalıyıq", - bu sözləri Şeffild Universitetinin heyvan və bitki növləri departamentinin alimi Dr. Virpi Lummaa deyib. 

Və biz sadəcə təkamül etmirik, hətta əvvəlkindən də daha sürətlə təkamül edirik. Son 10 min ildə bizim təkamül etmə sürətimiz 100 dəfə artıb, genlərimizdə daha çox mutasiya gedir və bu mutasiya da daha çox təbii seçməyə səbəb olur. İnsanın hələ də təkamül etdiyini göstərən bəzi faktorları təqdim edirik. 

1. BİZ SÜD İÇİRİK

Tarixən, laktozanı (təbiətdə ancaq süddə mövcud olan karbohidrat, süd şəkəri də adlandırılır. Laktozanın inək südündəki miqdarı 4.8%, qoyun südündə 4.6%, keçis südündə 4.0%, ana südündəki miqdarı isə 7%-dir) parçalamaq qabiliyyətini tənzimləyən gen insanın ana südündən kəsilməsindən sonra fəaliyyətini dayandırmışdı. Ancaq biz sonradan inəkləri, qoyunları, keçiləri əhliləşdirməyə başladıq. Beləliklə, süd qida baxımından yeni keyfiyyət qazandı və bu genetik mutasiya laktoza parçalanmasını insanların  genlərində daha da yaymaq imkanını qazandırdı. 

2006-cı ildə aparılan araşdırma göstərir ki, laktoza dözümlülüyü 3000 il əvvəl Şərqi Afrikada hələ də inkişaf edirdi. Südü həzm etməyə imkan verən bu genetik mutasiya indi Şimali Avropa sakinlərinin 95 faizində mövcuddur.

2. BİZ AĞIL DİŞLƏRİMİZİ İTİRİRİK

Əjdadlarımızın çənəsi bizimkindən daha böyük olub, bu onlara ağacların sərt köklərini, ləpələri və yarpaqları yeməyə imkan verirdi. Onlar əti dişləriylə parçalayırdılar. Dişlər töküləndə isə yeniləri çıxırdı. Ağıl dişlərinə gəldikdə isə, azı dişlərinin üçüncü şəbəkəsi əjdadlarımızın yemək vərdişlərini göstərən ən yaxşı nümunədir.

Bugün biz yeməyi ağzımızda rahatca parçalaya bilirik. İndi yeməkləri çeynəmək daha asan və rahatdır, nəticədə bizim çənəmiz daha balacadır. Buna görə də ağıl dişləri çıxanda əziyyət çəkirik, ağzımızda onlar üçün yer yoxdur. Kor bağırsaq kimi, ağıl dişləri də lazımsız orqana çevriliblər. Bir sorğuya əsasən, insanların 35 faizi ağıl dişi olmadan doğulurlar, bəzi alimlərin fikrincə, onlar gələcəkdə ümumiyyətlə olmayacaqlar.

3. BİZ XƏSTƏLİKLƏRƏ QARŞI DÖZÜMLÜYÜK

2007-ci ildə bir qrup alimin müasir təkamül prosesi barədə apardığı araşdırmadan sonra məlum olub ki, son 40 000 ildə insanlarda 1800 gen yayılıb, bu genlərin sayəsində insan malyariya kimi yoluxucu xəstəliklərə qarşı müqavimət göstərir. Malyariyaya müqavimət göstərmək üçün çox sayda yeni genetik variantlar Afrikalılar arasında sürətlə yayılır. Başqa bir tədqiqat zamanı isə məlum olub ki, təbii seçmə şəhər sakinləri arasında da gedir. Şəhərlərdə yaşayanlar arasında yayılan bir gen bizim vərəm və cüzam kimi xəstəliklərə müqavimətimizi artırır. "Bu, müasir təkamül prosesinə əla nümunədir", - bunu Royal Halloveydəki Bioloji Elmlər Məktəbindən Dr. İan Barnes deyir və əlavə edir: "Bu, bizim bir növ kimi müasir təkamülümüzün vacib aspektidir, şəhərlərin inkişafı təbii seçimi gücləndirir".

4. BİZİM BEYNİMİZ QIRIŞIR

Beynimizin digər canlılardan böyük olduğuna görə daha ağıllı olduğumuz barədə düşünməyi sevsək də, son 30 000 ildə bizim beynimiz qırışmaqda davam edib. İnsan beyninin həcmi 1.500 kub santimetrdən 1, 350 kubmetrə qədər kiçilib, o, tennis topunun çəkisinə bərabərdir. 

Bu barədə bir neçə nəzəriyyə mövcuddur: tədqiqatçıların bir qrupu deyir ki, beynimizin qırışması bizim getdikcə kütbeyinləşdiyimizi göstərir. Tarixən, cəmiyyətlər böyüdükcə və daha da mürəkkəbləşdikcə, insanın beyninin həcmi balacalaşıb, buna istinadən belə bir nəzəriyyə irəlir sürülür ki, müasir cəmiyyətin təhlükəsizlik şəbəkəsi intellekt və sağ qalmaq arasındakı bağlılığı inkar edir. Ancaq digər, daha real görünən nəzəriyyəyə əsasən, beynin qırışması kütlüklə yox, onun balacalaşıb daha effektiv fəaliyyət göstərməsiylə əlaqədardır. Belə ki, beyin qırışdıqca, daha səmərəli fəaliyyət göstərir və daha az yer tutur. Başqa bir nəzəriyyəyə görə, balaca beyin təkamül baxımından daha əlverişlidir, çünki bu bizi daha az aqressiv edir və bizim bir-birimizlə mübarizə aparmaqdansa, bir yerdə işləyib problemləri birlikdə həll etməyimizə yardımçı olur.

5. BİZİM MAVİ GÖZLƏRİMİZ VAR

Əslində, bizim hamımız qəhvəyi gözlüyük. Ancaq 10 000 il əvvəl Qara dənizin sahilində yaşan bir insanda genetik mutasiya baş verib və onun gözləri qəhvəyidən mavi rəngə çevrilib. İnsanın nəyə görə mavi gözlü olması hələ də müəmma olsa da, bir nəzəriyyəyə əsasən bu, hansısa şəkildə atalıq hissiylə bağlıdır. "Kişidə özünün atalıq xüsusiyyətini başqa bir uşağa ötürməmək kimi çox güclü təkamül təzyiqi var", - bunu uşaq xəstəliklərinin inkişafı araşdırmasının əsas müəllifi deyir. Çünki hər ikisinin gözü mavi olan cütlük qəhvəyi gözlü uşaq dünyaya gətirə bilməz, bizim mavi gözlü kişi cinsindən olan əcdadlarımız mavi gözlü qadınları sədaqətə əmin olmaq üçün seçə bilərdilər. Yeni aparılan bir araşdırmaya görə, mavi gözlü kişilər qəhvəyi gözlülərdənsə, mavi gözlü qadınları daha cəlbedici hesab edirlər, ancaq qəhvəyi gözlü kişilər və qadınlar üçün bunun elə bir fərqi yoxdur. 

Qaynaq: http://mentalfloss.com/article/30795/5-signs-humans-are-still-evolving

İngiliscədən tərcümə etdi: Cavid Ramazanlı

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM