İran Azərbaycana yeni NOTA verib

13:43 | 14.11.2022
İran Azərbaycana yeni NOTA verib

İran Azərbaycana yeni NOTA verib

İran  Xarici İşlər Nairliyi Azərbaycanın İrandakı səfirinə etiraz  notası təqdim edib.  Bu barədə teleqram kanallarında yer alan məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə də  təsdiq edib. 
 
Amma XİN rəsmisi bəyanatın mətni ilə bağlı açıqlama verməyərək bu barədə medianın gün ərzində məlumatlandırılacağını deyib. 
 
Son 1 ay ərzində İranla Azərbaycan arasında münasibətlərdə gərginlik müşahid olunur. 

Belə ki,  İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi noyabrın 11-də Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüşdə son zamanlar İran mediasında Azərbaycan Respublikası əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, İranın yüksək vəzifəli siyasi və hərbi rəsmilərinin iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun olmayan təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılıb.

Azərbaycan Respublikasında separatçılığı qızışdıran və cinayət təqibindən yayınaraq digər ölkələrdə gizlənən şəxslərin İran səfirliklərində qəbul edilməsinin qeyri-dost addım olduğu bildirilib.
 
Eyni gündə Azərbaycanın irandakı səfiri İran XİN-ə çağırılıb və ona nota təqdim edilib. 

"Biz bu prosesin ən qısa zamanda dayandırılmasını və təkrarlanmaması üçün lazımi tədbirlərin görülməsini gözləyirik", - XİN rəsmisi qeyd edib.

Səfir Əli Əlizadə onun fikirlərini  dərhal Bakıya çatdıracağını vurğulayıb.
 
Azərbaycan prezidenti İlham Əliyev də İranı qınayan bəyanatla çıxış edib. O bildirib ki, rəsmi Bakı xaricdə yaşayan soydaşlarının öz ana dilində təhsil almaq və mədəni dəyərlərini qorumaq imkanlarına malik olmaq arzusunu hər zaman dəstəkləyəcək.

"Azərbaycan xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsinə xüsusi önəm verir. Acı taleyin hökmü ilə Azərbaycandan qopmuş soydaşlarımızın öz tarixi vətənləri ilə əlaqələrini heç vaxt kəsməmələri üçün onların ana dilini, adət-ənənələrini, mədəniyyətini, azərbaycançılıq ideyasına sadiqliyini qoruyub saxlamağa bundan sonra da səy göstərəcəyik”, - Prezident Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənddə keçirilən sammitində deyib.

Azərbaycan rəhbəri qeyd edib ki, təəssüf ki, öz vətənindən kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti ana dilində təhsil almaq imkanından məhrumdur.

"Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın ana dilində təhsil alması məsələsi həmişəTDT-nin gündəmində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır. Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, TDT çərçivəsində hüquq, təhlükəsizlik, milli kimliyin qorunub saxlanması, ölkələrimizdən kənarda yaşayan soydaşlarımızın assimilyasiyasının qarşısının alınması məsələsini diqqətdə saxlamağın vaxtı çatıb. Xaricdə yaşayan türk xalqlarının gənc nəslinin nümayəndələrinə məktəblərdə öz ana dilində təhsil almaq imkanı yaradılmalıdır”, - Əliyev bildirib.
 
Azərbaycan 1828-ci ildə Rusiya ilə İran arasında bağlanan Türkmənçay müqaviləsi ilə iki yerə bölünüb. Onun şimal hissəsi Rusiya, cənubu isə İranın nəzarətinə verilib. Hazırda Cənubi Azərbaycanda 30-35 milyon azərbaycanlının yaşadığı bildirilir. Onların öz dillərində oxumağa məktəbi, qəzeti yoxdur. 


Aytac Zeynalova
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM