İraq Türkman Cəbhəsinin lideri: “İŞİD bir siyasi oyundur”

21:34 | 02.07.2014
İraq Türkman Cəbhəsinin lideri: “İŞİD bir siyasi oyundur”

İraq Türkman Cəbhəsinin lideri: “İŞİD bir siyasi oyundur”

İraq Türkman Cəbhəsinin lideri, İraq parlamentinin deputatı Erşad Salihi Publika.az-a müsahibəsində Kərkükdə son durum, bölgədə kürd dövlətinin yaradılması və türkmanların düşdüyü vəziyyəti şərh edib.
- Son proseslər Kərkükdə Kürd dövlətinin yaradılması prosesinin getdiyi ehtimalını yaradır. Bu barədə nə deyə bilərsiniz?
- Kərkük türkmanların tarixi vətənidir. Bunu hər kəs bilməkdədir. Amma təəssüf ki, Amerika işğalından sonra kürdlər onlara verilən imtiyazlardan istifadə edərək Kərkükün demoqrafik vəziyyətini dəyişdirdi. Bununla yanaşı, konstitusiyanın bəzi müddəalarını öz bildikləri kimi yazaraq maraqlarının gerçəkləşdirməkdədirlər. Son günlər İraqda baş verən proseslərdən sonra mərkəzi hökumətin silahlı qüvvəsi bölgədə heç nə etmədi, nəticədə kürd peşmərgələri idarəetməni ələ aldılar. Hazırda Kərkükün kürdlərə verilməsi üçün ciddi addımlar atılır. Biz bu proseslərin gələcəyini pis görürük. Türkmanların razılığı olmadan hansısa qərarları vermək böyük problemlərə səbəb ola bilər. Kürdlərin son addımlarını sülhü pozan addımlar olaraq qiymətləndiririk.
- Bölgəyə İŞİD hücuma keçdi, kürdlərsə onlara qarşı vuruşdu. Buna paralel olaraq türkmanlar da qətlə yetirilir, son olaraq türkman liderlərindən olan Münir Kafili sui-qəsd nəticəsində öldürüldü. Sanki bir kənar əl bölgəni qarışdırır.
- Türklər harda olursa-olsun, türk kimliyinin əvəzini ödəyir. İstər Qarabağda, istər Kiprdə, istərsə bu gün Kərkükdə. Bunlar bir-birinə bağlı olan məsələlərdir. İŞİD adı altında olan təşkilat da hazırda türkmanları qətlə yetirir, öndə gedənlərimizi sui-qəsdə uğradırlar. İŞİD də, bu gün Kərkükdə baş verənlər də dünyadakı siyasi oyunların bir hissəsidir.
- Kərkükün gələcəyi haqda nə demək olar?
- Biz hesab edirik ki, Kərkük özəl statusu olan bölgə olmalı və BMT tərəfindən idarə olunmalıdır. Nə kürdlərin, nə ərəblərin, nə də türklərin əlində olmamalıdır.
- Proseslər göstərir ki, Kərkük kürdlərə verilə bilər. Bu baş verərsə, türkmanlar nə etmək fikrindədirlər?
- Səddam Hüseyn zamanından bir təcrübəmiz var. Nəyisə zorla etdirmək etirazla qarşılanır. Əgər bu olacaqsa, türkmanların ciddi müqaviməti ilə qarşılaşacaqlar. Kürd qardaşlarımıza məsləhət edirəm ki, buna getməsinlər. Çünki türkmanların torpağını əlindən almaq səssiz izlənilməyəcək. Əgər siyasi çözüm olmasa, başqa alternativlər reallaşa bilər.
- Bu məsələdə Azərbaycandan hansı dəstəyi gözləyirsiniz?
- Biz Azərbaycan xalqının məsələyə təpkisindən məmnunuq. Lakin hesab edirik ki, türkman problemi Azərbaycan parlamentində gündəmə gəlməli, bununla bağlı xüsusi iclas keçirilməli və müəyyən qərar qəbul edilməlidir. Azərbaycan hökuməti də bu qərardan çıxış edərək, İraq türkmanlarına dəstək olmalıdır.
- Son proseslərdən sonra, məsələ ilə bağlı Azərbaycan rəsmiləri ilə hansısa görüşləriniz, təmaslarınız olubmu?
- Bizimlə təkcə hörmətli millət vəkili Qənirə Paşayeva maraqlanıb. Biz Azərbaycan hökumətinin, cənab İlham Əliyevin türkmanların yanında olmasını istəyirik. Hörmətli İlham Əliyevdən kömək gözləyirik. Ən azından bu məsələ Azərbaycan hökumətinin gündəmində olmalıdır.
- Bu arada rəsmi Ankaranın yardımı hansı səviyyədədir?
-  Türkiyə əlindən gələni edir. Kürdlərə etdikləri təzyiqlərə görə türkmanlar bölgədə bir qədər sülh içində yaşayırlar. Əgər bu olmasa, vəziyyətimiz daha çətin olar. Türkiyədən məmnunuq, amma yardımın daha çox edilməsini tələb edirik.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM