Bu gün Prezidentin sərəncamları ilə vəzifələrindən çıxarılan SOCAR-ın dörd vitse-prezidentinin bioqrafiyası ictimaiyyətdə maraq doğurub.
"Qafqazinfo”nun xəbərinə görə, onlardan ikisi - Mikayıl İsmayılov və David Məmmədov 16 ildir ki, vitse-prezident postundadırlar.
SOCAR-ın bu gün işdən çıxarılan vitse-prezidentlərinin geniş bioqrafiyasını təqdim edirik:
Mikayıl İsmayılov 1964-cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu fakültəsinə daxil olub, 1983-1985-ci illərdə hərbi xidmət keçib.
Mikayıl İsmayılov gənc mütəxəssis kimi əmək fəaliyyətinə Neft Daşlarında başlayıb, 1988-2003-cü illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, baş mühasib müavini, baş mühasib və s.) çalışıb. Əmək fəaliyyətinin böyük bir hissəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə bağlıdır.
M.İsmayılov 2003-2005-ci illərdə bu müəssisədə iqtisadiyyat və təchizat üzrə direktor müavini vəzifəsində çalışıb. 2005-ci ildən Dövlət Neft Şirkətinin vitse-prezidenti olub.
David Məmmədov 1955-ci ildə Kürdəmir şəhərində anadan olub. 1980-ci ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunu "Neftin və qazın kimya texnologiyası” ixtisası üzrə bitirib.
Tofiq Qəhrəmanov 1953-cü ildə Bakıda anadan olub. 1976-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis-elektrik ixtisası üzrə bitirib. 1976-1983-cü illərdə Vladimir İliç adına Yeni Bakı Neftayırma Zavodunun (indiki Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu - red.) İnformasiya-hesablama mərkəzində mühəndis vəzifəsində işləyib, zavodun komsomol komitəsinin katibi olub.
1983-1990-cı illərdə keçmiş partiya təşkilatlarında - əvvəlcə Nizami rayon Partiya Komitəsində, sonra Bakı şəhər Partiya Komitəsində təlimatçı vəzifələrində çalışıb. 1990-1991-ci illərdə Vladimir İliç adına Yeni Bakı Neftayırma Zavodunda direktor müavini, 1991-1993-cü illərdə zavodun təsis etdiyi "Azinteroil” Birgə Müəssisəsinin Baş direktoru işləyib.
Bəhram Hüseynov 1956-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu "Faydalı qazıntı yataqlarının geofiziki üsullarla axtarışı və kəşfiyyatı” ixtisası üzrə bitirib və həmin ildən Qum adası dənizdə qazma işləri idarəsində geoloq və geoloji şöbənin böyük geoloqu vəzifələrində çalışıb.
1988-ci ilin iyulundan "Xəzərdənizneftqaz” İB İstehsalat Birliyinin baş ofisində Neft və qaz yataqlarının kəşfiyyatı üzrə geoloji şöbəyə böyük geoloq vəzifəsinə keçirilib, 1992-ci ildən geoloji şöbənin rəis müavini vəzifəsində çalışıb.
1995-ci ilin may ayından Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində vitse-prezidentin müşaviri vəzifəsində, 1997-ci ilin iyun ayından geoloji şöbənin böyük geoloqu vəzifəsində çalışıb. 1998-ci ilin iyunundan BP şirkətinin operatoru olduğu "Şahdəniz” layihəsində geoloji kəşfiyyat qrupunun rəhbəri vəzifəsinə qəbul edilib.
2016-cı ildə Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti təyin edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !