İstanbulda Nazim Hikmət mədəniyyət və sənət evi açıldı - Fotolar

16:28 | 16.01.2016
İstanbulda Nazim Hikmət mədəniyyət və sənət evi açıldı - Fotolar

İstanbulda Nazim Hikmət mədəniyyət və sənət evi açıldı - Fotolar

İstanbulun Şişli rayonunun Xalidə Edip Adıvar məhəlləsində məşhur şair Nazim Hikmətin adını daşıyan mədəniyyət və sənət evi açılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, sənət evini Nazim Hikmət Vəqfinə bağışlayan Şişli bələdiyyəsi binanı sənət və mədəniyyət işlərinə uyğun şəkildə dizayn edib. Nazim Hikmət mədəniyyət və sənət evində şairin adını daşıyan kitabxana, yaxın dostu olmuş rəssam Abidin Dinonun adını daşıyan otaq, teatr və musiqi salonları var. Nazim Hikmətin şəxsi əşyalarından bəzi nümunələr ayrıca otaqda nümayiş etdirilir.

Sənət evinin açılışında çıxış edən Şişli bələdiyyə sədri Hayri İnönü Türkiyədə sənətin  və ədəbiyyatın inkişaf etməsi üçün bundan sonra da hər cür dəstəyi verəcəklərini vurğulayıb. Açılış mərasimindən sonra tanınmış aktyor Tarık Akanın kompozisiyası əsasında Nazim Hikmətin pyeslərindən bəzi parçalar nümayiş  etdirilib. Bəstəkar və müğənni Timur Səlçuk Nazim Hikmətin şeirlərinə bəstələnmiş mahnılar oxuyub.

Türk jurnalistikasının və ədəbiyyatının tanınmış simalarından olan Hıfzı Topuz APA-ya Nazim Hikmətlə bağlı xatirələrini bölüşüb: "Onunla Parisdə görüşəndə diqqətimi çəkirdi, oradakı azərbaycanlılara xüsusi diqqət yetirir, onlarla dostluğunu inkişaf etdirirdi. Bu da məlumdur ki, öz nüfuzundan istifadə edərək Zəkəriyya Sərtəli Bakıya aparıb orada yaşamasına nail olan da Nazim Hikmətdir”.
 
Nazim Hikmət Vəqfinin başqanı Qiymət Coşqun isə APA-ya deyib ki, bu sənət evi həm də azərbaycanlılarındır: "İstər 1920-ci illərdə Nazim Hikmətin ilk kitabını çap edərək ona qardaşlıq sevgisini ifadə edən və istərsə də, 1950-ci illərdən ömrünün axırına qədər Nazim Hikmətə daima sevgiylə qucaq açan azərbaycanlı qardaşlarımızı ürəkdən salamlayıram”.

Hayri İnönü isə bildirib ki, Azərbaycan tarixi iş görərək Nazim Hikmətin ilk kitabını çap edib: "Bu, hamımız üçün qürurdur. Nazim Hikmət ölkələrimiz arasında ədəbiyyat, sənət, mənəviyyat körpüsüdür”.

Qeyd edək ki, Hayri İnönü Türkiyənin II prezidenti İsmət İnönünün nəvəsidir.
 















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM