Kəmaləddin Heydərov belaruslu həmkarı ilə görüşüb - Video

Belarusda səfərdə olan Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov belaruslu həmkarı Vadim Sinyavski ilə görüşüb.Bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Belarus FHN-nin Təhlükəsizlik Tədrisi Mərkəzində keçirilən görüşdə səfər zamanı göstərilən qonaqpərvərliyə görə qarşı tərəfə təşəkkürünü bildirən nazir Kəmaləddin Heydərov xalqlar və ölkələr arasında dərin köklərə malik çoxşaxəli əlaqələrin Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenkonun siyasi uzaqgörənliyə və qarşılıqlı etimada söykənən səyləri nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xatırladıb.
Qeyd edib ki, digər istiqamətlərdə olduğu kimi fövqəladə halların idarə edilməsi sahəsində iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında sıx əməkdaşlıq münasibətləri formalaşıb.
Əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayan nazir Kəmaləddin Heydərov bu səfərin və səfər çərçivəsində imzalanacaq müvafiq sənədin münasibətlərin dərinləşməsinə əlavə təkan verəcəyinə əminliyini bildirib.
Kəmaləddin Heydərov belaruslu həmkarını Müstəqil Dövlətlər Birliyinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının sədri seçilməsi münasibəti ilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.
Belarus Respublikasının fövqəladə hallar naziri Vadim Sinyavski Minskdə keçirilən MDB Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 36-cı iclasında və "Milli Təhlükəsizlik. Belarus – 2024” 2-ci Beynəlxalq Təhlükəsizlik Sənayesi Sərgisində iştirakına və təbrikinə görə Kəmaləddin Heydərova səmimi təşəkkürünü bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında 17 oktyabr 2006-cı il tarixində Minsk şəhərində imzalanmış əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsinə dair 2025-2027-ci illər üzrə tədbirlərin Kompleks Planı”nın imzalanması mərasimi olub. Kompleks Planı Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski imzalayıb.
Daha sonra nazir Kəmaləddin Heydərov Belarus Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində təhsil alan Azərbaycan FHN-in əməkdaşları ilə görüşüb, onlara uğurlar arzulayıb.
Səfər çərçivəsində Azərbaycan FHN-in nümayəndə heyəti Belarus FHN-in qurumlarının, habelə yanğın-xilasetmə texnika və avadanlıqlarının istehsalını həyata keçirən yerli müəssisələrin fəaliyyəti ilə yerində tanış olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 