Ukraynanın paytaxtı Kiyevin mərkəzindəki Bessarabiya meydanında yerləşən Leninin heykəli uçurulub. Kommunist liderin heykəli əllərində “Azadlıq” partiyasının bayraqlarını tutan maskalı şəxslər tərəfindən uçurulub. Heykəli uçurduqdan sonra nümayişçilər Ukraynanın dövlət himnini səsləndiriblər. Heykəlin uçurulması Azərbaycanın siyasi-ictimai çevrəsində bir sıra mövzuların gündəmə gəlməsinə səbəb olub. Azərbaycan xalqı leninin heykəlini hələ 22 il öncə uçurmuşdu. Ukrayna 22 il gecikib? Gecikibsə, niyə və səbəbləri nə idi?
Politoloq Elçin Xalidbəyli ANN.Az-a açıqlamasında Azərbaycanla Ukraynanın müqayisəsini aparaq fərqləri əsaslandırmağa çalışıb.
E.Xalidbəyli açıqlamasında Ukraynada Leninin heykəlinin uçurulmasını hazırda MDB üçün yenilik hesab etsə də, 22 il gecikildiyinə diqqət çəkib: “Ukraynada Leninin heykəlinin uçurulması, təbii ki, bu MDB ölkəsi üçün siyasi bir hadisədir. Ancaq ukraynalılar bu addımı atmaq üçün 22 il gecikib. Bunun kifayət qədər ciddi siyasi, ideoloji və psixoloji səbəbləri mövcuddur. Məsələ ondadır ki, Ukrayna siyasi-ideoloji təzadların, ziddiyyətlərin hökm sürdüyü bir ölkədir. Bu ölkə "narıncılar"ın hakimiyyəti dönəmində birmənalı Qərbə inteqrasiya yolu tutmuş olsa belə, əslində, Ukrayna siyasi-ideoloji və psixoloji cəhətdən Rusiyaya yaxın ölkədir. Ukraynanı Rusiyaya tarixi milli-etnik yaxınlıq telləri də bağlayır. Təbii ki, belə olduğu təqdirdə, Rusiya siyasi mühitinin Ukrayna cəmiyyətinə təsirinin hələ də önəmli səviyyədə qalması inkaredilməz reallıqdır. Adətən, Ukraynada bəzi tarixi xarakterli siyasi-ideoloji qərarların alınmasında Rusiya faktoru nəzərə alınır. Ona görə də, Leninin heykəlinin belə uzun müddət qalması əslində o qədər də təəccüblü deyil”.
O, Azərbaycanda Leninin heykəlinin 22 il öncə götürülməsinin siyasi-ideoloji əsasları olduğunu da bildirib: “Ən əsası, Ukraynanın Azərbaycanla siyasi-ideoloji məsələdə kifayət qədər ciddi fərqləri mövcuddur. Və Azərbaycanda Leninin heykəlinin 22 il əvvəl yıxılmasını da daha çox məhz həmin siyasi-ideoloji fərqlərlə izah etmək olar. Məsələn, Azərbaycanda kommunist ideologiyasına antipatik münasibət inkarolunmaz reallıqdır. Ancaq Ukrayna MDB məkanında Rusiyadan sonra Kommunist Partiyasının hələ də güclü olduğu ikinci ölkə sayıla bilər. Hər halda, Ukrayna kommunistləri prezident seçkilərində hakimiyyətə iddia edəcək qədər elektorata sahib olduqlarını bir neçə dəfə sübuta yetirə biliblər. Digər tərəfdən, Azərbaycanda Rusiyaya münasibət, eləcə də, cəmiyyətin siyasi-ideoloji təməli bütövlüyünü qoruyub, çat verməyib. Ukraynadasa, bu məsələdə durum fərqlidir. Ukrayna cəmiyyəti siyasi-ideoloji və psixoloji cəhətdən parçalanmış vəziyyətdədir. Ukraynanın Qərb əyalətləri Rusiyaya nifrət edir, hətta kin-küdurət saxlayır. Və Ukraynanın Rusiyaya arxa çevirərək Qərbə inteqrasiya olunmasında israrlı mövqe tutur. Ukraynanın Şərq əyalətlərində isə Rusiya faktoru həlledici xarakter daşıyır. Şərqi ukraynalılar Rusiya ilə Ukraynanı bir-birindən ayrılmaz iki dövlət hesab edirlər və həmişə birlikdə olmalarını vacib sayırlar. Şərqi Ukrayna ölkənin Qərbdən uzaqlaşaraq, Rusiya ilə yaxınlaşmasının tərəfdarıdır. Qərbi ukraynalıların dəstəyi sayəsində hakimiyyətə gələn "narıncılar"dan fərqli olaraq, hazırda hakimiyyətdə olan prezident Viktor Yanukoviç və onun Regionlar Partiyasının əsas elektoratı Şərqi Ukrayna əyalətlərində cəmləşib”.
O, Ukrayna iqtisadiyyatının tamamilə Rusiyadan asılı olmasını da diqqətdən kənarda qoymağın düzgün olmadığını bildirib: “Azərbaycanla daha bir önəmli fərq isə Ukrayna iqtisadiyyatının demək olar ki, tamamilə Rusiyadan asılı olmasıyla bağlıdır. Azərbaycan isə Rusiyadan iqtisadi asılılığını artıq çoxdan qopara bilib. Eyni davranışı Ukrayna etmiş olsaydı, Rusiyanın yalnız elə idxal embarqosu bu ölkəni maliyyə-iqtisadi böhrana sürükləyə bilərdi. Yəqin ki, Leninin heykəlinin sökülməməsində bu faktorlar istər-istəməz rol oynayıb. Əslində, hazırda Leninin heykəlinin yıxılmasında da Ukrayna cəmiyyətindəki parçalanmanın birbaşa təsiri mövcuddur. Belə ki, Yanukoviç hakimiyyəti Ukraynanı yenidən Qərbə inteqrasiya yolundan ayırıb, Rusiyanın orbitinə qaytarmağa çalışır. Buna etiraz edən və əsasən Qərbi Ukrayna əyalətlərini təmsil edən avrointeqrasiya tərəfdarları Yanukoviç hakimiyyətinə öz qərarını dəyişmək üçün təzyiq göstərir. Elə Leninin heykəli də müstəqillikdən ötən bir belə uzun müddətdən sonra məhz bu etiraz dalğasının "qurban"ına çevrilib. Yəni etirazçılar Rusiyaya qarşı antipatiyalarını biruzə vermək üçün Leninin heykəlini yıxıblar. Bununla da Rusiyaya qarşı etiraz aksiyalarına yeni bir rəng qatmağa çalışıblar. Yəqin ki, avrointeqrasiya tərəfdarları Leninin heykəlinin yıxılmasıyla Rusiyaya yaxınlaşmaq deyil, əksinə, Kremllə siyasi-ideoloji bağların tamamilə qoparılmasının vacibliyi barədə daha bir mesaj vermək niyyəti güdürlər” – deyə E.Xalidbəyli bildirib.
Seymur
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !