Klimt və Şilenin rəsmləri: Leopold muzeyinin zəngin kolleksiyasıREPORTAJ

16:54 | 24.12.2015
Klimt və Şilenin rəsmləri: Leopold muzeyinin zəngin kolleksiyası – REPORTAJ

Klimt və Şilenin rəsmləri: Leopold muzeyinin zəngin kolleksiyasıREPORTAJ

Rüstəm Qasımov

Bu gün biz sizinlə Avstriyanın paytaxtı Vyanadakı muzeylər kvartalında yerləşən ən məşhur məkanlardan birinə, Leopold muzeyinə baş çəkəcəyik. Bu incəsənət muzeyində publikaya böyük avstriyalı incəsənət həvəskarı Rudolf Leopoldun topladığı Avstriya moderninin şedevrləri təqdim edilir. 

Leopold muzeyindəki tədbir və sərgilər barədə afişaları Vyananın hər künc-bucağında görmək mümkündür. Bu təkcə incəsənət propaqandası yox, həm də turistləri şəhərdə baş verən sənət yenilikləriylə tanış etmək üçün ideal yöntəmdir. 
 


Muzeyin girişində muzeyin ekspozisiyasına daxil olan dünyaca məşhur rəssamların rəsmlərinin reproduksiyalarının təsvirlərini də görmək mümkündür. 

Bu muzeyin ən gözəl xüsusiyyətlərindən biri foto çəkilişinə icazə verilməsidir, halbuki Avstriyanın digər əksər muzeylərində bu qadağandır. Buna görə də fotoaparat və ya telefonla cəsarətlə şəkillər çəkmək olar. Bu sənət məbədində azmaq qeyri-mümkündür, çünki siz hətta rus dilində belə olan muzeyin xəritəsini özünüzlə götürə bilərsiniz. Muzeyə giriş ödənişlidir. Ancaq yaxşısı budur bir kombinə edilmiş bilet götürəsiniz ki, sonradan digər muzeylərə baş çəkə biləsiniz. 

Biraz tarix barəsində. Muzey Rudolf və Elizabet Leopoldların şəxsi kolleksiyası əsasında yaradılıb. Muzeyin yaradılması üçün Avstriya hökumətinə 5000 əsər lazım olub, Leopold özü isə onun ömürlük direktoru seçilib. 1999-2001-ci illər arasında tikilən muzeyə 400 milyon şillinq xərc çəkilib. 
 


Leopold muzeyinin açılış mərasimində hətta o dövrün Avstriya prezidenti də iştirak edib. Yeri gəlmişkən düzbucaqlı formasındakı muzeyin ümumi sahəsi 12 600 kvadrat metrdir. Binanın layihəsini «Ortner & Ortner» memarlıq bürosu təqdim edib. 

Leopold muzeyi Vyana modernizmi, Vyana sənət ustalığı və ekspressionizminin şedevrlərindən hesab edilir. Bunlardan ən parlaqlarına misal kimi Eqon Şileni, avstriyalı rəssam və qrafik, Avstriya ekspressionizminin parlaq nümayəndələrindən birini göstərmək olar. Muzeydə saxlanılan ən geniş kolleksiya ona məxsusdur və bu rəssamın yaradıcılığı haqqında geniş təəssürat yaradır. 
 


Eqon Şileyə dünya şöhrəti qazandırmış işlər Leopold muzeyinin vizit kartına çevrilib. 

Şile 1906-cı ildə Vyana incəsənət məktəbinə, sonra isə Təsviri incəsənət akademiyasına daxil olur. 1907-ci ildə onun müəllimi və hamisi Qustav Klimt - Avstriya moderninin əsasını qoyan, qadın bədənlərini əks etdirən erotik rəsmlərin usta rəssamı olur. Şilenin ilk sərgisi 1908-ci ildə baş tutur. Tədbir Şilenin əvvəllər məktəbdə oxuduğu Vyana yaxınlığındakı Klosternoyburq şəhərciyində baş tutur. Ancaq 1909-cu ildə Klimt Şileni Vyanada bədii qalereyada sərgi keçirməyə dəvət edir, burada onun rəsmləri Klimt, Van Qoq, Edvard Munk və digər rəssamların əsərləriylə birgə sərgilənir. 
 


O, 1912-1916-cı illərdə müxtəlif sərgilərdə tez-tez və uğurla sərgilənir. Leopold muzeyində onun ən məşhur əsərlərindən biri olan avtoportret də sərgilənir. 

Leopold muzeyində Şilednən başqa, daha bir əfsanəvi rəssamın, adını yuxarıda çəkdiyimiz Qustav Klimtin də əsərləri sərgilənir. Avstriyanın ən məşhur rəssamı 1897-ci ildə Vyana sessesionunun yaradıcılarından biri və prezidenti oldu. Klimtin yaradıcılığı və həyatı o qədər maraqlı və rəngarəngdir ki, bu barədə uzun uzadı yazmaq olar. Ancaq biz onun bioqrafiyasının bəzi vacib detallarına göz gəzdirməklə məhdudlaşacağıq. Qustav ilk dəfə rəssamlığın sirlərini atasından öyrənib, sonra isə 1876-cı ildə Avstriya incəsənət və sənayə muzeyi yanındakı Vyana bədii-sənətkarlıq buraxılışına daxil olub. Klimt orada 1883-cü ilə qədər təhsil alıb və memarlıq rəssamlığı üzrə ixtisaslaşıb. 
 


Digər gənc rəssamlardan fərqli olaraq, Klimt mühafizəkar akademik təhsilinin prinsipləriylə razı olub. 1880-cı ildən etibarən Klimt, qardaşı Ernst və rəssam dostları Frans Maçla birlikdə Rayhenberq, Rieka və Karlovı Varıda teatrların freskalarının bəzədilməsində iştirak ediblər. 1885-ci ildə onlar "Burqteatrın” və Bədii-tarixi muzeyin düzəldilməsiyə məşğul olublar. 1888-ci ildə isə incəsənətə töhvələrindən dolayı imperator Frans İosifin mükafatını qazanıb. O həmçinin Münhen və Vyana universitetlərinin fəxri üzvü adını qazanıb. 

Atasını və qardaşının vəfatı ona çox güclü təsir edib, beləliklə, onun bədii yanaşması da dəyişib və dərin individual tərzini inkişaf etdirməyə başlayıb. "Çılpaq həqiqət” (1899) rəsmiylə Klimt cəmiyyətə çağırış etdi. Çılpaq kürən qadın əlində Şillerdən sitat olan həqiqət aynasını tutub: "Sən öz işlərin və sənətinlə hər kəsin xoşuna gəlmirsənsə, azlığın xoşuna gəl. Çoxluğun xoşuna gəlmək pisdir”. 

Klimt yaradıcılığının "Qızıl dövrü”nə "Afina qapıları” (1898), "Yudiflər” (1901) və ən çox "Öpüş” (1907-08) daxildir. Bu dövrdə o həmçinin ar-nuvo tərzində dekorativ incənətlə də məşğul olub. 
 


Klimt olduqca sadə həyat tərzi keçirib, öz şəxsi evində işləyib, vaxtını ailəsinə və rəsmə həsr edib, dostlarla və digər rəssmlarla ünsiyyətdən geri qalmayıb. O, şəxsi sifarişlər almaq üçün kifayət qədər məşhur olub və mövzunu da ürəyinin istəyinə görə seçib. Klimt özünün dərin erotik naturasını maskalamaq üçün mifologiyadan və alleqoriyalardan istifadə edib və onun rəsmləri tez-tez qadınlara qarşı təmiz seksual marağıyla seçilir. 

Bir qayda olaraq, onun modelləri erotik vəziyyətlər üçün istənilən pozalarda dayanmağa razılıq verirdilər, onları çoxu fahişələr olub. Leopold muzeyində 1911-ci ildə Klimtin Romada ümumdünya sərgisində mükafat almış məşhur "Həyat və ölüm” əsəri də daxildir. 
 


Muzeydə həmçinin böyük fırça ustasının işlədiyi emalatxananın reproduksiyası da mövcuddur. 

Klimtdən başqa muzeydə digər məşhur rəssamların, Oskar Kokoşkanın, Albina Egger-Lints, Anton Koliq, Alfred Kubin, Kolo Mozerin, Herbert Beklin, Anton Foyştauerin, Ferdinand Georq Valdmüllerin, Anton Romakonun, İozef Hofmanın, Robert Hammerştilin və Rihard Gerstlyanın da əsərləri nümayiş olunur. 

Bir sözlə, 1-2 saat vaxtınızı alacaq muzey səyahətini qaçırmamağınız məsləhətlidir, bunun sayəsində çox gözəl və unudulmaz təəssüratlar qazanacaqsınız. 

Bununla, bizim Leopold muzeyinə səyahətimiz başa çatır. Sonda muzeydə çəkdiyimiz şəkilləri təqdim edirik. 

Xoş seyrlər: 
 









































































 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM