Kolleclərdə kredit sistemi ilə tədris necə təşkil olunacaq? – QAYDA

17:50 | 28.12.2013
Kolleclərdə kredit sistemi ilə tədris necə təşkil olunacaq? – QAYDA

Kolleclərdə kredit sistemi ilə tədris necə təşkil olunacaq? – QAYDA

Texnikumlarda əlavə yay tətili müddətində həftəlik yay semestri də təşkil oluna bilər

 

Baş nazir Artur Rasizadə "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında qərar imzalayıb. 

ANN.Az-ın məlumatına görə, qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün orta ixtisas təhsili müəssisələrinə şamil edilir.

Hər bir təhsilalanın (bundan sonra - tələbənin) fərdi tədris planının olması və bu planın tərtibində onun iştirakı, orta ixtisas təhsili müəssisəsinin tədris planlarına uyğun olaraq, tədris fənlərinin, semestrlər üzrə kreditlərin miqdarının, təhsilverənlərin və akademik məsləhətçilərin (tyutorların) seçiminin sərbəstliyi, təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması, tələbəyə sərbəst iş üçün şəraitin yaradılması, biliyin qiymətləndirilməsində çoxballı sistemin tətbiqi, hər semestrdə tədris qruplarının fənlər üzrə formalaşdırılması, hər bir fənn üzrə ayrıca jurnalın tərtibi, tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması, təhsilalma müddətinin tələbənin nailiyyətindən asılılığı, şöbələrin, fənn birləşmə komissiyalarının, ixtisasların, fənlərin, müəllimlərin və tələbələrin kodlaşdırılması kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətlərində öz əksini tapıb.

Qərarda həmçinin qeyd olunur ki, orta ixtisas təhsili müəssisəsi tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış etməli və tələbəyə təhsil müddətində tədris planında nəzərdə tutulmuş krediti qazanmasına şərait yaratmalıdır. Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili müvafiq qurumlar (tədris hissəsi, şöbələr, fənn birləşmə komissiyaları, qeydiyyat, qiymətləndirmə və monitorinq bölmələri) tərəfindən tənzimlənir.

 

Bu qaydalar orta ixtisas təhsilinin əyani və qiyabi təhsilalma formalarına şamil edilir.

 

Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən, tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftəlik yay semestri də təşkil oluna bilər. Qaydalarla tələbəyə müəllim seçmək imkanı yaradılır. Bir müəllimi seçən tələbələrin sayı 30 nəfərdən çox olarsa, orta ixtisas təhsili müəssisəsi bu fənn üzrə ikinci qrup təşkil edir və buraya fənnin tədrisi üçün eyni səviyyədə olan müəllim cəlb edir. Bu halda tələbələrin qruplar üzrə siyahısı ərizələrinin qeydəalınma ardıcıllığına görə müəyyənləşdirilir.

 

Kredit sistemi ilə təhsil alan tələbələrə kömək göstərmək məqsədi ilə orta ixtisas təhsili müəssisələrində akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil olunacaq.

Kredit sistemi ilə tədrisin təşkilində Boloniya bəyannaməsinin müddəalarına əsasən, tələbələrin akademik mobilliyi onların digər orta ixtisas təhsili müəssisələrində, o cümlədən xarici ölkələrin uyğun səviyyədə təhsil verən müvafiq təhsil müəssisələrində ayrı-ayı fənlər üzrə kreditləri qazanmaları ilə təmin edilir. Tələbənin digər təhsil müəssisələrində kreditləri qazanması təhsil aldığı orta ixtisas təhsili müəssisəsinin razılığı ilə həyata keçirilir. Bu zaman təhsil haqqının ödəniş şərtləri tələbə ilə göndərən və qəbul edən təhsil müəssisələri arasında razılaşdırılır. Qazanılmış kreditlər tələbənin təhsil aldığı orta ixtisas təhsili müəssisəsi tərəfindən tanınmalıdır. Digər orta ixtisas təhsili müəssisələrində qazanılacaq kreditlərin sayı ixtisas üzrə nəzərdə tutulmuş kreditlərin 30 faizindən çox olmamalıdır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM