"Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Neonatalogiya şöbəsinə yeni doğulanlarla yanaşı, COVID-19 aşkar edilən hamilə qadınlar da yerləşdirilib. Bu səbəbdən də yeni doğulan körpələr xüsusi nəzarət altındadır”.
Anews.az xəbər verir ki, bu barədə "Report”-a şöbənin müdiri Aygün Rüstəmxanlı deyib.
Onun sözlərinə görə, körpələrdə hansı testlərin aparılması və metodların tətbiqi və s. ilə bağlı həkimlər təlimatlandırılıb: "COVID-19 pozitiv olan analardan doğulan 16 körpə hazırda şöbədə həkimlərin nəzarəti altındadır. Onlardan 12-si bizim klinikada dünyaya gələnlər, 4-ü isə digər klinikalardan köçürülənlərdir. 4-nün klinikamıza köçürülməsinə səbəb isə doğuşdan sonra anada koronavirus infeksiyasının aşkar olunması olub”.
A.Rüstəmxanlı qeyd edib ki, klinikada dünyaya gələn 12 körpənin heç birində koronavirus infeksiyasına yoluxma halı aşkar olunmayıb: "Digər klinikalarda dünyaya gələn körpələrdə infeksiyanın aşkar olunmasına səbəb doğuşda iştirak edən həkimlərin COVID-19-a yoluxmaları olub və onlar vasitəsilə doğuş zalında körpələrə keçib”.
Mütəxəssis eyni zamanda vurğulayıb ki, qaydalara görə, ilk növbədə körpəni dünyaya gətirən həkimlər sayca az tərkibdə təyin olunmalı, göbək ciyəsi mümkün qədər tez kəsilməlidir: "Körpə eyni zamanda doğuş zalından mümkün qədər tez xaric edilməlidir. Yeni dünyaya gələn uşaq doğum zalından tez xaric edilir və həmin mərtəbədə izləmə otağında yerləşdirilir və monitorinqi aparılır. Körpənin vəziyyəti stabilləşdikdən sonra həkimlər paltarlarını dəyişir və körpəni başqa otağa aparırlar. Həmin an körpədən COVID-19 testi götürülür. Bu, əsas şərtlərdən biridir. İzolyasiya küvez şəraitində olur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !