Baş prokuror Kamran Əliyevin dəvəti ilə Latviyanın Baş prokuroru Yuris Stukansın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Nümayəndə heyəti öncə Fəxri Xiyabana gələrək Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.
Baş Prokurorluqda keçirilmiş görüşdə qonaqları səmimi salamlayan Baş prokuror ölkələr arasında tarixən mövcud olan əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək hüquqi əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb. Kamran Əliyev ötən ilin fevral ayında Riqaya işgüzar səfərini və latviyalı həmkarları ilə keçirdiyi görüşləri məmnuniyyətlə xatırladığını bildirib.
Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkədə hüquq qaydasının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması istiqamətində aparılan islahatlar, dövlət başçısının və Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparılması barədə həmkarına məlumat verib.
Səfərə dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirən Yuris Stukans Azərbaycanın dinamik inkişafının canlı şahidi olmaqdan məmnun olduğunu bildirib. Qonaq prokurorluq orqanlarımız arasında əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər, o cümlədən korrupsiyaya qarşı mübarizə, çirkli pulların yuyulması və digər sahələrdə törədilmiş cinayət işləri üzrə hüquqi yardım və aktivlərin bərpası haqqında sorğuların icrası, həmçinin qurumlararası əlaqələrin inkişaf etdirilməsi məqsədilə yaxın gələcəkdə Anlaşma Memorandumunun imzalanması müzakirə olunub.
Görüşdə Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya iştirak edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !