Aydın Balayev
1955-ci ildə M.Ə. Rəsulzadənin vəfatı ilə əlaqədar Türkiyəyə dünyanın müxtəlif ölkələrindən çoxsaylı başsağlığı teleqramları gəlirdi. Bu teleqramların müəllifləri müxtəlif milli və dini mənsubiyyətə, fərqli siyasi əqidə və ideoloji görüşlərə malik insanlar idi. Yalnız azadlığı və istiqlalı uğrunda bütün şüurlu həyatını həsr etdiyi onun doğma vətəni - Azərbaycan susurdu.
Halbuki, M.Ə. Rəsulzadənin dəfn mərasimində A. Taymasın söylədiyi kimi, o, həmin "mübarizə uğrunda hər şeyini, ailəsini, rahatlığını, səhhətini, nəhayət, həyatını fəda etmişdi”. Həyatı boyu verdiyi bütün bu qurbanların əvəzində "mükafatı” isə doğma xalqının sükutu oldu. Amma görünür ki, öz həyatını doğma vətəninin xoşbəxtlik və firavanlığı uğrunda mübarizəyə həsr etmiş Azərbaycan türklərinin onsuz da azsaylı nümayəndələrinin istinasız olaraq hamısının taleyi belədir. Bu bir tarıxı faktdır və onu nə gizlətmək, nə inkar etmək, nə də bəzilərinin etdiyi kimi zəmanənin ayağına yazmaq olmaz.
Buna baxmayaraq, əgər Azərbaycan türkləri nə vaxtsa öz ifrat etinasızlıq, yaltaqlıq, konformizm, prinsirsizlik və laqeydliklərinə görə uca Tanrı qarşısında məhkəməyə çəkilsələr, düşünürəm ki, onlara bəraət vermək üçün təkcə Məmməd Əmin Rəsulzadə həyatı yetər. O, öz həyatı və fəaliyyəti ilə doğma xalqının yuxarıda sadalanan və sadalanmayan saysız-hesabsız günahlarını artıqlaması ilə yuyub.
Sar köksünə Ankara, yurdumun ziynətini,
Günü gəlincə istər, səndən əmanətini.
Təəssüflə qeyd etməliyik ki, həmin gün hələ gəlməyib və onun, ümumiyyətlə, nə vaxtsa gələcəyi məlum deyil. Ən acınacaqlısı isə odur ki, özünü haqlı olaraq 1918-1920-ci illər Azərbaycan dövlətinin hüquqi varisi hesab edən müasir Azərbaycan Respublikası ərazisində Cümhuriyyət banilərindən heç birinin (?!) məzarı yoxdur. Azərbaycanın azadlıq və müstəqillik ideallarının həyata keçməsi üçün mümkün olan hər şeyi etmiş M.Ə. Rəsulzadə, Ə.M. Topçubaşov, F. Xoyski, N. Yusifbəyov, H. Ağayev də digər görkəmli şəxsiyyətlərin nəşi ən yaxşı halda vətəndən çox-çox uzaqlarda uyuyur. Çeka zindanlarında bolşevik cəlladları tərəfindən məhv edilmiş Cümhuriyyət xadimlərindən bir çoxunun məzarı isə ümmumiyyətlə mövcud deyil.
Demək çətindir ki, heç bir millətə baş ucalığı gətirməyəcək bu fakt tarixin istehzası, yoxsa Azərbaycan xalqının öz keçmişinə biganəliyindən doğan təbii intiqamıdır. Hər halda Cümhuriyyət liderlərinin taleyi məşhur latın aforizmini yada salır - Ingrata patria, ne ossa quidem mea habebis (Nankor vətən, sən mənim sümüklərimə belə sahıb ola bilməyəcəksən). Həmin aforizmin yaranmasını Roma sərkərdəsi Publi Korneli Stsipionla əlaqələndirirlər. II Pun müharibəsində Romanın Karfagen üzərində qələbəsində həlledici rol oynamış Stsipion az sonra onun artan nüfuzunu həzm edə bilməyən bədxahları tərəfindən əsassız olaraq şərlənərək, düşmənlərlə sövdələşmədə günahlandırılır. Bu haqsızlığa dözməyən məğrur Stsipion Liternadakı malikanəsinə çəkilərək tənha həyat sürmək qərarına gəlir və az keçməmiş elə orada da vəfat edir. Rəvayətə görə, o, "nankor vətəndə dəfn olunmasını istəməyərək”, elə həmin malikanədə basdırılmasını vəsiyət edir. Bu hadisədən təxminən iki min il sonra Cümhuriyyətin istinasız olaraq bütün liderləri həmin aqibəti yaşamalı oldular.
Lakin M.Ə. Rəsulzadə kimi işıqlı bir şəxsiyyət haqqında kitabı belə bədbin notlarla bitirmək istəməzdik. Çünki taleyin amansız sınaqlarına baxmayraq, M.Ə. Rəsulzadə və onun silahdaşlarının bütün həyatları boyu uğrunda mübarizə apardıqları və bu çətin mücadilədə həm uğurların sevincini, həm də uğursuzluqların acısını daddıqları əsas amalları hər halda həyata keçmişdir. Dünyanın müasir siyasi xəritəsindəki müstəqil Azərbaycan Respublikası bunun əyanı təsdiqidir. Çətin ki, kimsə, nə vaxtsa Cümhuriyyət liderlərinə müstəqil Azərbaycan dövləti və onun üç rəngli bayrağından daha möhtəşəm abidə ucaltmaq iqtidarında olsun. Bunların hər ikisi üçün isə biz Azərbaycan türklərinin çağdaş milli dövlətçiliyinin banisi – MƏMMƏD ƏMİN RƏSULZADƏ dühasına borcluyuq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !