Bir neçə gün əvvəl dünyanın ən nüfuzlu media orqanlarından biri olan "Time.com”da "Azərbaycan Yaxın Şərqdə tolerantlıq adasıdır” adlı məqalə yayımlanıb. Məqalənin müəllifi Los Anceles Sinay məbədinin ravvini Devid Volpedir. Yazını oxucularımıza təqdim edirik:
Bu şənbə səhər icmamızın 50 üzvüylə bərabər mən qeyri-adi bir təcrübəni sınaqdan keçirdik: Biz gəzə-gəzə gələrək Sinaqoqa girdik.
Bu heç də qeyri-adi bir şey kimi görünməyə bilər, ancaq dünyanın müxtəlif bölgələrində olanlar bilirlər ki, bütün sinaqoqlar insanların üzünə açıq deyil. Bir çox ölkələrdə sinaqoqlar ibadət etmək üçün 24 saat açıq olmurlar. Mənim Los Ancelesdəki sinaqoqumu mühafizəçilər qoruyur və gələn-gedən maşınların baqajları yoxlanılır. Mən dəfələrlə xarici yəhudi icmalarına məktub göndərmişəm ki, filan adama zamin dururam və o adama filan şəhərdə sinaqoqda ibadət edilməsi üçün icazə verilsin. Tez-tez anti-islami duyğularla anti-semitizm duyğuları arasındakı fərqi müqayisə edirəm və ortada sadə bir faktın olduğunu görürəm: məscidlər əksər vaxt mühafizə edilmədiyi təqdirdə, sinaqoqların əksəriyyətində ciddi təhlükəsizlik tədbirləri görülür.
Ancaq şənbə günü bir müsəlman ölkəsində yəhudilər azad şəkildə gəzə-gəzə gedib sinaqoqa daxil oldular və heç kim də suallara məruz qalmaq və yüklərin yoxlanılması kimi narahatlıq hissi keçirmədi.
Azərbaycan heyratamiz dərəcədə istisna ölkədir. Bir həftə əvvəl Yerusəlimdə baş tutan görüşdə israilli diplomat bizim qrupumuza belə demişdi: "Mən kippahla İsveçin paytaxtında gəzməkdə tərəddüd edərdim, amma Azərbaycanda yox. Azərbaycanda heç kim sizə çətinlik yaratmayacaq”. Mən bu sözlərin həqiqət olduğunu isbat edə bilərəm. Bir həftəyə yaxın mən kippahla küçələrdə gəzdim və nəzakət və mehribanlıqdan savayı bir şey görmədim.
Bu dünyaya az məlum olan çox qeyri-adi nailiyyətdir. Azərbaycan digər dini ənənələrin qəbul edildiyi çox şərəfli tarixi olan bir ölkədir. Əhalinin 90%-indən çox müsəlman olsa da, sünni və şiyə çoxluq burada sülh içərisində yaşayır, yəhudilər qəbul edilir və dəyərləndirilir, bu, digər dini azlıqlara da aiddir.
Biz Azərbaycana dağ yəhudilərinə Tövratı hədiyyə etmək üçün getmişdik. Ölkədə təqribən 30.000 yəhudi yaşayır, yəhudilərin burada tarixi min il əvvəllərə dayanan qeyri-adi və şərəfli tarixi var. Deyilənə görə, e.ə 587 il əvvəl İlk Məbədin dağıdılmasından sonra yəhudilər Cənubi Azərbaycanda, indiki İranın şimal-qərbində yerləşiblər.
Bizim səfərimiz Azərbaycanın Qərbi Region üzrə Əsas Konsulu Nəsimi Ağayev tərəfindən koordinasiya edilmişdi. Səyahətimiz zamanı Biz Quba bölgəsindəki Qırmızı Qəsəbəni, Sovetlərdən əvvəlki adıyla Yəhudi Qəsəbəsini ziyarət etdik. Burada 4.000 yəhudi yaşayır və İsraildən kənarda ən böyük yəhudi icmalarından biridir. Biz yay və qış sinaqoqlarına baş çəkdik, dua etdik və küçələrdə gəzdik, Qafqazda belə balaca yuvada yəhudilərin həyatının çiçəklənməsinə mat qaldıq.
Əksər müsəlman ölkələrindən fərqli olaraq, Azərbaycanın İsraillə sıx əlaqələri var. Rəsmilər qarşılıqlı səfərlər edirlər (Tel-Əvivdən Bakıya uçan təyyarədə mənim yanımda İsrailin Baş nazirinin keçmiş köməkçisi Aviqdor Liberman əyləşmişdi, İsrailin baş naziri və prezidenti də Bakıda olub). Prezident Əliyev bir dəfə qeyd etmişdi ki, İsrail Azərbaycan əlaqələri aysberq kimidir, ancaq üst hissəsi görünür, əsas hissə isə səthin aşağısındadır.
Əlbəttə ki, bügünki böhranlı dünyada Azərbaycan da cənnət sayıla bilməz. O, Sovetlərin kölgəsindən çıxmağa çalışan yeni demokratiyadır və Azərbaycanın mətbuat azadlığı və insan hüquqları kimi problemləri var. İran, Rusiya və Ermənistan kimi ölkələrin arasında yerləşən ölkə Müsəlman respublikası kimi öz azadlığını və müstəqilliyini qorumağa çalışır, bu heç də görməzdən gəlinməməlidir.
Yəhudi mövcudluğunun qəbul edilməsi heç də səthi şou deyil. Qafqazın Baş Müftisi Hacı Allahşükür Paşazadə ilə keçirilən bir neçə görüşdə o, Yəhudi camaatıyla və Amerikada yaşayan çoxsaylı ravvinlərlə olan dostluğundan bəhs etdi. O dəfələrlə qeyd etdi ki, onun ən böyük arzularından biri Azərbaycandakı xristianlar, müsəlmanlar, yəhudilər və digərləri arasındakı əməkdaşlığını başqa ölkələr üçün model rolu oynacağını görə bilməkdir. O dünyanın yeganə Şiyə-Sünni şeyxidir və onun danışdıqları heyratamiz idi.
Ölkə boyunca davam edən 5 günlük səfərimizdə biz rəsmilərlə, artistlərlə və yəhudi qardaşlarımızla görüşdük. Yəhudi məktəblərinə və bir neçə sinaqoqa baş çəkdik. Koşer təamlarına qonaq edildik, yerli yəhudi icmasının nümayəndələriylə, hətta uşaqlarla söhbətlər etdik. Azərbaycanın tanınmış şəxsləri ilə birgə qəbiristanlıqda dəfn edilən və Yəhudi kimi məşhur olan Azərbaycanın milli qəhrəmanının qəbrini ziyarət etdik. Bakının əsas küçələrindən birində hicabını çıxaran və "Azad qadın” adı verilmiş qadın heykəlini gördük.
Zorakılığım və təhdidlərin geniş vüsət aldığı müasir dünyada Azərbaycanın dərs keçə biləcəyi çox vacib şeylər var. Dünya artıq bu balaca, ancaq xoşgörülü ölkəyə nəzər salmalı, onu itələməməli, əksinə qucaq açmalıdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !