Ölümcül yarış, yaxud bizim yollarda getməmək niyə yaxşıdır? - KÖŞƏ

14:08 | 24.06.2015
Ölümcül yarış, yaxud bizim yollarda getməmək niyə yaxşıdır? - KÖŞƏ

Ölümcül yarış, yaxud bizim yollarda getməmək niyə yaxşıdır? - KÖŞƏ

Aliyə İsmayılzadə

Dünən Bakıda ölümlə nəticələnən daha bir yol qəzası baş verdi. 

Xəbər portallarının verdiyi məlumata görə, Heydər Əliyev prospektində "Ford Transit” markalı avtomobil "Mersedes” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfərsə yaralanıb. Bir az əvvəl isə xəbər verilmişdi ki, işıqforun qırmızı işığında keçən avtomobil aşıb. 

Statistikalar göstərir ki, paytaxtın yollarında baş verən avtomobil qəzaları hər il daha da artır. Bilirsinizmi niyə? Çünki belə bir kateqoriya var – azərbaycanlı sürücü. 

Bu, heç bir klassifikasiyaya uyğun gəlməyən xüsusi bir kateqoriyadır. Hərdən mənə elə gəlir ki, Darvinin nəzəriyyəsi dəqiq işləyir, ancaq əks istiqamətdə - sükan arxasına keçən soydaşlarımız əks istiqamətdə təkamül etməyə başlayırlar – ağıllı insandan daha primitiv varlığa doğru. 

Mənim sözlərimin ədalətli olduğuna inanmaq üçün Bakının hansısa küçəsindən bir dəfə keçmək kifayətdir. Xaricilər Filippinin harasındasa maşını rahat sürə bildikləri halda, bizdə başlarını itirirlər, bezib, axırda piyada gəzməyə üstünlük verirlər. Çünki bizim küçələrimizdə baş verənlər "Cəngəllikdə necə sağ qalmaq olar” sənədli filmindəki epizodları xatırladır – hər tərəfdən səni sıxışdıranlardan yayınmaq məcburiyyətindəsən, hələ yaxşı ki, göydən üstünə gələn yoxdu. 
Mən başa düşmürəm, heç vaxt da başa düşməyəcəm ki, hansı gözə görünməz qüvvələr normal insanı avtomobilə minən kimi azğın bir tipə çevirir, onun sükan arxasına keçməsi buna kifayət edir. 

Çox paradoksaldır, ancaq avtomobil bəzilərini tərbiyə və nəzakətdən məhrum vəhşiyə çevirir. Heç vaxt qadına səsini qaldırmayan kişi avtomobilə minən kimi necəsə olur, özünə, ətrafdakılara hörməti itirərək, qarşısına çıxanları və keçənləri lənətləməyə başlayır.

Təkcə kişilər deyil. Mən yollarda o qədər maşın idarə edən qadın görmüşəm ki, özlərini axırıncı insan kimi aparırlar...

Qarşımda gedən bir maşını görürəm, tələsmədən, qaydaları pozmadan gedir, birdən isə maşını o yana bu yana sürməyə, ətrafdakı maşınlara hücum çəkməyə başlayır və mən başa düşürəm ki, sükan arxasında oturan ya qadındır, ya da mobil telefonla danışan kişi. Hər iki kateqoriyadan olan vətəndaşlar özlərini eyni cür aparırlar. 

Ancaq çatışmazlıqlarına baxmayaraq, xanımlar heç olmasa bir-birləriylə yarışa çıxmırlar. Bəli, çox pis maşın sürürlər, düzgün park etmirlər, hətta bəzən qəza situasiyası yaratdıqlarına görə, üstlərinə qışqırmaq istəyirsən. Ancaq xoşbəxtlikdən özünü Şumaxerin yaxşı vaxtlarındakı kimi hiss edən qadın görmək nadir haldır. 

Nadir hallarda elə bir gün olur ki, insan həyatının itməsiylə nəticələnən yol qəza hadisəsi barədə eşitməyək. Bu məsələdə bizim kişi sürücülərə çatan olmaz. 
Əks istiqamətdə sürmək, sürətin artırılması, ən adi yol qaydalarını bilməmək, işarə və yol nişanələrini görməzdən gəlmək – bunlar hər gün yollarda özlərinin və digərlərinin həyatını təhlükəyə atan sürücülərin qısa xarakteristikasıdır. 

Tıxacda olarkən hər zaman belə mənzərə görmək olur: özünü ağıllı hesab edən kimsə sükanın döndərir və yolun əksi istiqamətində sürməyə başlayır. Sürü instikti inkişaf eləmiş digər bir neçə nəfər də həmin "ağıllı” kimi hərəkət edirlər və qabaqda basırıqlıq əmələ gəlir, nəticədə yolun əks istiqamətində də tıxac yaranır. Bununla belə, onların hansısa birinə öz iradını bildirsən, azğın bir insanın hücumuna məruz qalmaq riskiylə üzləşə bilərsən. 

Ona görə də, kimsə yol polisinə söyəndə, mən mədəni şok yaşayıram. Təsəvvür edin, onlar olmasaydı, vəziyyət necə olardı? Bir həftə ərzində bizim yollarımız cəhənnəmin filiallarından birinə çevrilə bilərdi... 

Park eləmək də heç də əhəmiyyətsiz məsələ deyil. "Bir dəqiqəliyinə” mağazaya daxil olmaq üçün avtomobilini yolun ortasında saxlayan sürücülər var. Hər gün məktəblərin qabağında sıxlıqlar yaradanların dərdi 100 metr yolu piyada getməkdir? Əlbəttə! 

Hər yerdə açılan yeraltı park yerləri bizim sürücülərimizin ürəyinə yatmır. Onlar hələ də inadkarlıqla maşınlarını harda gəldi, ürəklərinə yatan yerdə park eləməkdə davam edirlər, veclərinə də deyil ki, belə edəndə təkcə digər maşınlara deyil, piyadalara da maneçilik törədirlər. 

Yeri gəlmişkən, piyadalar haqqında. Doğma Bakıda həyatını riskə atıb yolu keçməyə öyrəşən bir insan olaraq, ilk dəfə Avropaya ayaq basanda özümü kəndli kimi hiss eləmişdim, maşınlar "zebra”da dayanıb gözləyirdilər, mən isə dayanıb gözləyirdim ki, maşınlar keçsin. Bir dəqiqə, beş dəqiqə dayanıb gözləyəndə belə, heç kim bizə söymədi, signal vermədi. 

Bizdə piyada demək olar ki, insan deyil. Yol polislərinin reydlərinə qədər bir çox sürücülər "zebra” anlayışından belə xəbərsiz idilər. Yəqin bunun sadəcə yolun bəzədilməsi üçün çəkilmiş xətlər olduğunu güman edirdilər. 

Ancaq etiraf eləmək lazımdır ki, piyadalar özlərini çox vaxt elə aparırlar ki, sürücülərin onlar haqqında dediklərini haqq edirlər. Yeraltı keçid ola-ola yolu qaçaraq keçən piyada heç kimdə təəccüb doğurmur. Hətta şose yolu ayıran dəmir çəpərlərin üstündən tullanıb keçənlər də var, qadınlar da, kişilər də.  

Belə anlarda mən başa düşürəm ki, yol polisinin qəbul etdiyi qərarlar dənizdə damla kimidir, situasiyanı dəyişdirmək iqtidarında olmayan xırda bir şeydir. Çünki maarifləndirici söhbətlər və sosial reklamlar dövrü arxada qaldı və belə görünür, vəziyyətdə elə də ciddi dəyişiklik olmadı. 

Yüksək məbləğdə cərimələr tətbiq edilməsə, xırda qayda pozuntusuna görə sərt cəzalar olmasa, ömürlük sürücülük hüququndan məhrum edilmələr, həbsxanaya göndərilmələr olmasa, bugünki kimi faciələr təkrar olunmaqda davam edəcək və adi bir şey kimi qəbul ediləcək. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM