Rusiya tərəfindən Qəbələ RLS-in Azərbaycana təhvil verilməsi ilə bağlı bütün cari məsələlər əməli olaraq öz həllini tapıb.
Gün.Az RBK-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə Moskvada MDB dövlətlərinin Müdafiə Nazirləri Şurasının 65-ci iclası çərçivəsində baş tutan görüşü zamanı bildirib.
“Qəbələ”nin təhvil verilməsi prosesi əməli olaraq yekunlaşıb. Məndə olan məlumatlara görə, orada problem qalmayıb”, - deyə Z.Həsənov qeyd edib.
O ümid etdiyini bildirib ki, Azərbaycan və Rusiya hərbi idarələrinin digər ikitərəfli əməkdaşlıq məsələləri də “bu gün həll olunacaq”.
S.Şoyqu öz növbəsində qeyd edib ki, Rusiya-Azərbaycan münasibətlərində “tədricən həll olunan çox məsələlər var”.
“Düşünürəm ki, bu gün biz cari məsələləri müzakirə edəcəyik, eləcə də “Qəbələ”nin təhvil verilməsi və gələcək əməkdaşlıq məsələlərini”, - deyə o vurğulayıb.
Görüşün sonunda Rusiya və Azərbaycan müdafiə nazirlikləri arasında 2014-cü il üzrə ikitərəfli əməkdaşlıq planı imzalanıb.
ANN.Az