Avropa İnsan Haqları Məhkəməsində (AİHM) azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı iddiası üzrə keçirilən prosesdə fasilədən sonra hakimlərin tərəflərə verdikləri suallar cavablandırılıb. APA-nın Avropa müxbiri məhkəmədən xəbər verir ki, həm şikayətçilərin, həm də Ermənistan dövlətini təmsil edənlərin cavabları dinlənilib. Prosesə sədrlik edən Lüksemburqlu hakim Din Şpilman bundan sonrakı mərhələdə məhkəmə tərəfindən iş üzrə qərar çıxarılacağını bildirib və tərəflərə də bu haqda məlumat veriləcəyini söyləyib. Ancaq qərarın nə vaxt çıxacağı haqda məlumat verilməyib. Prosesdən sonra jurnalistlərə açıqlama verən Azərbaycanın AİHM-dəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov qərarın nə zaman veriləcəyinin bəlli olmadığını deyib: “Ədalətli yanaşsaq, Azərbaycan tərəfi bugünkü prosesdə doğurdan da haqlı görünürdü. Qarşı tərəfin vəkillərinin, erməni tərəfinin nümayəndələrinin çıxışından da aydın gördük ki, arqumentsizlikdən böhtan və yalan danışmağa məcbur oldular. Məsələn, onlar deyir ki, Ermənistan ordusu bu əməliyyatlarda iştirak etməyib, Dağlıq Qarabağ ərazisində Ermənistan silahlı qüvvələri yoxdur. Digər tərəfdən isə Ermənistanın bu işdə iştirakçı olmadığını söyləsələr də, hər dəfə şikayətçilərin gəlib Ermənistan məhkəmələrindən keçdiklərini deyirlər. Amma dolayısı ilə özləri də boyunlarına aldılar ki, onların əsgərləri işğal olunmuş ərazilərdə hərbi xidmət keçirlər, oradakı hakimlər Ermənistan dövlətinin qanunvericiliyi ilə işləyir. Ümumiyyətlə, aydın oldu ki, Ermənistan respublikası Dağlıq Qarabağ üzərində hərtərəfli nəzarəti həyata keçirir və bunu erməni tərəfi dolayısı ilə etiraf etdi. İndi biz möhtərəm hakimlərindən də gözləyirik ki, bütün bunları anlayıb düzgün mövqe tutsunlar, Azərbaycan məcburi köçkünlərinin haqlı mövqeyini dəstəkləsinlər”. Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatasının bu gün keçirilən iclasında azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı iddiasına baxılmasına başlanıb. İclasda 21 hakim, o cümlədən AİHM-in Azərbaycandan olan hakimi Xanlar Hacıyev və Ermənistandan olan hakimi Alvina Gülümyan da iştirak edib. Azərbaycan tərəfini rəsmi olaraq Azərbaycanın AİHM-dəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov təmsil edib. Azərbaycanlı məcburi köçkünlərin iddialarını Azərbaycan Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin baş müşaviri Otari Qvaladze, vəkillər Malkom Şou, Urdaneta Vitek, Qabriel Lanski və Hannes Tretter müdafiə ediblər. Ermənistan tərəfdən də prosesə rəsmi təmsilçi və vəkillər qatılıblar. İddiaçılardan isə iclasda Laçın rayonundan olan Akif Həsənov və Fəxrəddin Paşayev iştirak ediblər. Prosesdə azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı iddiası üzrə keçirilən məhkəmə prosesində hər iki tərəfin vəkilləri çıxış edib. Ermənistanın vəkilləri iddiada cavabdeh tərəf kimi Ermənistan dövlətinin göstərilməsi ilə razılaşmadıqlarını deyiblər. Onlar bildiriblər ki, “Dağlıq Qarabağ Respublikası” tanınmamış olsa belə, özünün məhkəmə sistemi, dövlət qurumları var və iddia da “Dağlıq Qarabağ”a qarşı qaldırılmalıdır. Vəkillər sübut etməyə çalışıblar ki, Ermənistanın “Dağlıq Qarabağ”la yeganə bağlılığı orada yaşayanlara bu ölkənin pasportunun verilməsindən ibarətdir. Bu isə onlara xaricə çıxış üçün şərait yaratmaq məqsədilə edilir. Azərbaycanlı məcburi köçkünlərin iddialarını müdafiə edən vəkillər Malkom Şou, Urdaneta Vitek, Qabriel Lanski və Hannes Tretter isə bildiriblər ki, işğal altında olan Dağlıq Qarabağa və ətraf rayonlara faktiki olaraq Ermənistan nəzarət edir. Ermənistanın işğalçı olması, separatçı “Dağlıq Qarabağ” rejimi ilə işbirliyi barədə də sübutlar gətirilib. Hər iki tərəfin vəkilləri hakimlərin suallarını cavablandırıblar. Xatırladaq ki, iddiaçılar Elxan və Adışirin Çıraqovlar (1950 və 1947-ci il təvəllüdlü), Ramiz Cəbrayılov (1960), Akif Həsənov (1959), Fəxrəddin Paşayev (1956) və Qara Cəbrayılovdur (1940). Akif Həsənovdan başqa iddiaçıların hamısı hazırda Bakıda yaşayırlar. Laçın rayon sakinləri olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib. Adı çəkilən şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə, öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən onların məruz qaldığı zərərin müqabilində təzminat ödəməyib. İddia ərizəsi 1-ci İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır. İddiaçılar həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını bildirib və qeyd ediblər ki, əgər erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur etməzdilər. Bu şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !