Heydər Əliyev Mərkəzində İtaliyanın dünya şöhrətli opera və estrada müğənnisi Alessandro Safinanın konserti keçiriləcək.Mərkəzdən Trend-ə verilən məlumata görə, dünya akademik səhnəsinin məşhurlarından biri Alesandro Safina Bakıda tezliklə təşkil olunacaq ilk konsertində hitə çevrilmiş və müxtəlif ölkələrdə sevilən mahnılarını təqdim edəcək.Heydər Əliyev Mərkəzində təşkil olunacaq musiqi gecəsində müğəninin "Luna", "Besame Mucho" və s. məşhur mahnıları səslənəcək.Özünəməxsus səsi və ifa tərzi ilə seçilən, mahnıları və musiqi albomları şöhrət qazanan italiyalı tenor Alessandro Safina 1963-cü il oktyabrın 14-də Siena şəhərində anadan olub. Erkən yaşlarından musiqini öyrənməyə başlayan Alessandro Safina 17 yaşında Florensiyada konservatoriyaya daxil olub və Avropanın müxtəlif ölkələrində məşhur operalarda əsas partiyaları ifa etməyə başlayıb.1989-cu ildə o, ilk dəfə Mantova şəhərində "Concorso Lirico Internazionale" müsabiqəsində mükafat qazanıb və bu, ifaçının parlaq karyerasının başlanğıcı olub.Müğənni dünyanın ən məşhur konsert salonlarında - Mantovadakı "Teatro Bibiena"da, Londondakı "Barbican Hall"-da və digərlərində çıxış edib. Alessandro Safinanın opera yaradıcılığı ilə yanaşı, Sara Braytman, Elton Con, Xose Karreras və digər məşhurlarla birgə çıxışları da şöhrət qazanıb.Alessandro Safina klassik və populyar musiqi janrlarını birləşdirməklə sənətdə "opera roku" adlandırılan yeni üslub yaradıb.O, 1999-cu ildə özündə opera, soul və müzikl elementlərini cəmləşdirən "Insieme a Te" albomunu buraxdırıb. "Luna" sinqlının yer aldığı diski isə dünyada milyonların qəlbini fəth edib.Alessandro Safina müğənniliklə yanaşı, filmlərə də çəkilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !