Təhsil naziri Mikayıl Cabbarov ötən il Bakı şəhərində çalışan 32 min müəllimin bilik və bacarığı ilə bağlı diaqnostik qiymətləndirilmə keçirildiyini bildirib.
ANN.Az xəbər verir ki, M.Cabbarov mərhum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə elan olunmuş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı təhsil məsələlərinə toxunub. Onun szölərinə görə, dövlət başçısının 16 yanvar 2015-ci il tarixli sərəncamı ilə həmin müəllimlərin həftəlik dərs yükü norması 1.5 dəfə, aylıq vəzifə maaşları 2 dəfə artılıb: "Bu qərarla müəllimlərin maaşları orta aylıq əmək haqqına yaxınlaşıb. Bu prosesin ölkənin hər bir rayonunda keçirilməsi nəzərdə tutulub. Və artıq bu barədə hökümətə öz təkliflərimizi vermişik”.
Nazir qeyd edib ki, mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqə əsasında keçən il 1652 müəllim işə qəbul edilib: "Onlardan 1405 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edilib. Vakansiyaların tutulma səviyyəsi ötən dərs ilinə nisbətən 40 faiz yüksəlib. Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq Nazirlər Kabinetinin qərarı ilə pedoqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş, ümumtəhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün stimullaşdırma tədbirlərinin məbləği və tətbiqi müddəti xeyli artırılıb. Məktəb direktoru və direktor olmaq arzusunda olan pedaqoji təhsilli kadrlar üçün 2 layihə çərçivəsində təlim kursları təşkil edilib. Bir sıra direktorlar artıq məktəblərdə fəaliyyət göstərir. Yeni tədris ilində də yeni təyinatların olacağı gözlənilir. İstedadlı gənclərin müəllim peşəsinə yönləndirilməsi məqsədilə keçən il ”Gələcəyin müəllim təqaüdü” layihəsinə start verilib. Bu təqaüd pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə şamil edilib. Təqaüdün təsis edilməsi müəllim peşəsinin nüfuzun yüksəldilməsinə xidmət edir”.
Neqativ hallardan söz açan Mikayıl Cabbarov qeyd edib ki, rayon təhsil şöbələrində bəzi müəllimlik vakansiyalarının gizlədilməsi halları , ümummüsahibə mərhələsinə çıxarılmama faktlarına rast gəlinib. Bu hallar barədə həm ictimaiyyətə, həm də aidiyyatı olan orqanlara məlumatlar çatdırılıb və müvafiq cəza tədbirləri görüləcək”.
Təhsil sahəsində aparılan yeniliklərdən danışan təhsil naziri bildirib ki, bu il 2015-ci ilin sentyabrından məktəblərdə bir sıra yeniliklər olacaq: "Yuxarı siniflərdə fənnlərin təkmilləşdirilməsi planlaşdırılır. Bu yenilik onlarla məktəblərə tətbiq olunacaq və bu istiqamətdə hazırlıq işləri davam etdirilir. Digər yenilik isə ondan ibarətdir ki, Bakının iki rayonunda inkluziv təhsilin tədrisinə başlanılacaq. Bu addım ona yönəlib ki, fiziki qüsurlu övladlarımız təhsil sistemindən uzaq qalmasınlar. Bu il üçün növbəti yenilik ondan ibarətdir ki, bu ildən 1-ci siniflərə şagird qəbulu elektron formada həyata keçirilməyə başladı”.
M.Cabbarov dünyada baş verən qloballaşma prosseslərinin milli-mənəvi dəyərlərə çox təsir etdiyini bildirib: "Bu gün uşaq və gənclərin milli-mənəvi ruhda tərbiyə olunması həmişəkindən daha çox aktualdır. Bunu nəzərə alaraq Təhsil Nazirliyi bir sıra layihələri icra edir:
1) Bütün məktəblərdə tədris ilinin ilk saatları vətəprəvərlik mövzusuna həsr olunmağa başlanılıb.
2) Ölkəmizin hər bir bölgəsində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərində Müasir Azərbaycan Tarixi dərslərinin tədris olunması praktikası təqdirəlayiq bir haldır.
3) Ümumtəhsil məktəblərinin 8-ci siniflərində "Qarabağın tarixi” fakultativ kursunun tədrisinə başlanılıb.
4) Təhsil Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə hazırladığı "Təhsil müəsissələrində uşaq və gənclərin milli-mənəvi, ümumbəşəri dəyərlərə hörmət ruhundan tərbiyə olunması tədbirlərinin gücləndirilməsi” layihəsi ilə bağlı 2015-ci il üçün fəaliyyət planının həyata keçirilməsinə start verilib
5) Mütaliə mədəniyyətinin formalaşması üçün ümumtəhsil məktəblərində müatilə qabiliyyətinin təkmilləşdirilməsi işinə başlanılıb
6) Yazıçılar İttifaqı ilə birgə ədəbiyyat biliciləri layihəsinə start verilib
7) "Məktəb qəhrəmanları ilə tanınır” layihəsinin icrasına başlanılıb
8) Dövlət başçısının tapşırığı əsasında ölkənin ümumtəhsil məktəbləri arasında keçirilən "Vətənimizi tanıyaq” layihəsidə birbaşa şagirdlərə vətənpərvərlik tərbiyəsini gücləndirilməsi kimi müqqəddəs amala xidmət edir”.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !