Mikayıl Cabbarov təhsil sistemindəki son yeniliklərdən danışdı

18:00 | 06.05.2015
Mikayıl Cabbarov təhsil sistemindəki son yeniliklərdən danışdı

Mikayıl Cabbarov təhsil sistemindəki son yeniliklərdən danışdı

"Azərbaycanda orta-ixtisas məktəblərinin ali təhsil müəssisələri nəzdinə keçirilmə prosesinə başlanılacaq” - bu sözləri təhsil naziri Mikayıl Cabbarov "Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzv şirkətlərinin təmsilçiləri ilə keçirilən görüşü  zamanı deyib. 

Onun sözlərinə görə, bununla da resurslardan daha faydalı istifadə təmin olunacaq: "Digər tərəfdən subbakalavriat dərəcəsini təklif etməklə həmin orta-ixtisas təhsilli müəssisələrdə təhsilin keyfiyyətinin və onlara marağın artırılmasına xidmət edə bilər”.

ANN.Az xəbər verir ki, nazir çıxışı zamanı özəl və dövlət təhsil müəssisələrindəki təhsilin keyfiyyətindən danışıb. Onun sözlərinə görə, bölgələrdə 4481 ümumtəhsil məktəbi fəaliyyət göstərir və burada mühim olan məqam dövlət məktəbləri ilə özəllər arasındakı müəyyən natarazlıqdır: "Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrində 1.3 milyona yaxın  şagird təhsil alırsa, bu rəqəmin 10.000-i özəl məktəblərin payına düşür,  bu isə təxminən 1 faizdən də azdır. Əgər təhsilə bir məhsul kimi baxsaq və həmin məhsulun keyfiyyətini təmin edən amil kimi bizdə olan resursu düşünsək, o zaman aydın olar ki, özəl sektordakı təhsilin vəziyyəti ilə dövlət məktəblərindəki tədrisi eyniləşdirmək doğru deyil. Məqsədimiz kimisə günahlandırmaq deyil, sadəcə əsas məqsəd dövlət və özəl sektorda keçirilən təhsilin səviyyəsini göstərməkdir”.
  
Nazirin çıxışı zamanı ictimaiyyətə ötürdüyü məlumatlardan biri də odur ki, ali təhsil müəssisələrində təqaüdlərin verilməsi yeni mexanizm əsasında həyata keçiriləcək: "Qəbul imtahanlarında yüksək bal toplayan və dövlət hesabına təhsil alan tələbələr növbəti 4 il ərzində, yəni bakalavr səviyyəsində oxuyan zaman  təqaüd almaq hüququ qazanacaq. Təbii ki, qeyri- kafi qiymətlər almamaq şərt ilə. Hazırda bir dəfə keçirilən bilik qiymətləndirilməsi nəticəsində tələbəyə taqaüd verirlir. Ancaq bu mexanizmdə müəyyən boşluqlar və təhsil prosesinə təsir edən amillər var. Təhsil prosesi də müəyyən mənada rəqabətli olmalıdır, bu, daha yüksək nəticələrə gətirib çıxarır”.
Təhsil naziri qeyd edib ki, yeni mexanizmə uyğun olaraq, tələbə üçün dövlət tərəfindən ödənilən təhsil haqqı ilə tələbə təqaüdü bir-birindən ayrılacaq.

Nazir onu da vurğulayıb ki, dövlət sifarişli yerlərdə təhsil alan tələbə təhsil haqqından azad olsa da, yeni mexanizmə uyğun olaraq, onun təqaüd alıb-almaması təhsil prosesi, habelə onun hər ay göstərdiyi akademik nailiyyətlərdən asılı olacaq: "Bu formal xarakter daşımır. Bir çox halda danışdığımız akademik mühitin saflaşdırılması üçün bunların edilməsi vacibdir. Bu sistem digər tərəfdən subyektiv amillərlə mübarizənin sistemli prinsiplərini tətbiq etməklə akademik biliklərin artırılmasına gətirib çıxaracaq”.

Orxan Aslanlı


 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM