Millət vəkili: Növbədə Ohanyanla Sarkisyandır

19:42 | 02.08.2018
Millət vəkili: Növbədə Ohanyanla Sarkisyandır

Millət vəkili: Növbədə Ohanyanla Sarkisyandır

İnanıram ki, Koçaryan və Xaçaturov Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə cavab verəcəklər.

Oxu.Az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Aydın Mirzəzadə Ermənistanın ikinci prezidenti və bir çox hərbi cinayətlərdə, xüsusilə, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan torpaqlarınının işğalında, Xocalı, Meşəli, Qaradağlı, Ağdaban soyqırımlarında əli olmuş hərbi cani Robert Koçaryanın həbsi məsələsi ərtafında yaşananlara münasibət bildirərkən deyib.

"Azərbaycanda Robert Koçaryan və Yuri Xaçaturovu tanımayan yoxdur. Biri 10 il Ermənistanın prezidenti, ikincisi isə 10 il Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub.

Ancaq biz onları vəzifələrinə görə yox, Azərbaycan torpaqlarının işğalında, vətəndaşlarımızın öz dədə-baba torpaqlarından qovulmasında və qətlə yetirilməsində, Xocalı faciəsinin baş verməsində xüsusi rollarına görə tanıyırıq.

Bu cinayətlərinə görə, təəssüf ki, onlar indiyə qədər mühakimə olunmayıblar. Ancaq inanırıq ki, bu cinayətlərinə görə onlar mütləq cavab verəcəklər”, - deyən millət vəkili bildirib ki, R.Koçaryan artıq həbs edilib, Y.Xaçaturovun da həbs edilməsi gözlənilir:

"Baxmayaraq ki, Xaçaturov Rusiyanın aparıcı ölkə olduğu beynəlxalq təşkilatın rəhbəridir. Onlar 2008-ci ildə Ermənistanda konstitusiyalı hakimiyyəti zorla ələ keçirməkdə ittiham edilirlər.

Qarabağda törətdikləri cinayətlər yada salınmır, ancaq Koçaryan-Xaçaturov məsələsi göstərir ki, başqa xalqa qarşı cinayət törədənlər heç zaman öz xalqına xoşbəxtlik gətirə bilməz. Cinayətkar həmişə cinayətkardır. O, öz xalqına qarşı da cinayət törədir.

Ermənistanda baş verənlər daxili siyasətin nüanslarıdır, ancaq tarix bir daha sübut etdi ki, insanlığa qarşı cinayət törədənlər mütləq cəzalarını alırlar”.

Millət vəkili Eldəniz Səlimov Koçaryanın həbsinin çox müsbət hadisə olduğunu və onun etdiyi qanlı əməllərə görə layiqli cəza almasının zəruriliyini dilə gətirib:

"Koçaryan kimilərə insan demək insan və insanlıq adına bir günah, təhqirdir. Onlarda insanlıqdan əsər-əlamət belə yoxdur. Əgər onlarda azacıq da olsa, insan qanı olsaydı, istər öz xalqlarına, istərsə də Azərbaycan xalqına, Azərbaycan türklərinə qarşı insanlıqdankənar vəhşiliklərə, qaniçənliyə, murdarlıqlara, barbarlıq və hanniballıq əməllərinə yol verməzdilər.

Ancaq açıq-aşkar görünən odur ki, onlarda insan qanı, insanlığın işarəti belə olmayıb. Odur ki, öz layiqli, haqq etdikləri cəzalarını almalıdırlar və alacaqlar: bu gün Ermənistanda, sabah Azərbaycan məhkəməsində. Kimsənin buna şübhəsi olmasın.

Qatı cinayətkar, hərbi cani olan Koçaryan və onun kimi şərəfsizlər Azərbaycan məhkəməsində Azərbaycan xalqı qarşısında etdiklərinə görə cavab verəcək, məhşər ayağına çəkiləcəklər”.

Millət vəkili Tahir Rzayev bildirib ki, Koçaryandan sonra növbə Seyran Ohanyan və Serj Sarkisyanındır:

"Çünki məhz bu cani "üçlük” Azərbaycan torpaqlarının işğalının, Xocalı, Qaradağlı, Meşəli, Cəmilli, Ağdaban və digər faciələrimizin, soyqırımı aktlarının birbaşa təşkilatçıları və icraçılarıdır. Onların murdar əlləri bizim xalqın qanına bulaşıb.

Artıq bu qanlı əlləri onların öz üzlərinə çəkmək, etdiklərinə görə cəzalandırmaq zamanıdır. Onlar bundan qurtula bilməyəcək, bu gün Koçaryan, sabah isə növbə Sarkisyanda, Ohanyanda və digər əliqanlı qatillərdədir.

Onlar həm öz xalqları, həm də Azərbaycan xalqı qarşısında etdiklərinin cəzasını almalıdırlar və alacaqlar”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti