İspaniya Senatının 17 oktyabr tarixli plenar iclasında qəbul etdiyi anti-Azərbaycan xarakterli bəyanat təəssüf doğurur. Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq, bu qərəzli və birtərəfli bəyanatı qətiyyətlə rədd edir və şiddətlə qınayırıq.
Bu barədə Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaydığı bəyanatda deyilir.
"Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam etmiş işğalına, 1 milyondan artıq soydaşımızın Ermənistanın etnik təmizləmə siyasəti ilə üzləşərək, öz doğma torpaqlarından didərgin salınmasına, şəhərlərimizin, kəndlərimizin dağıdılmasına, tarixi, mədəni və dini abidələrimizin yerlə-yeksan edilməsinə bu illər ərzində bir dəfə də olsun münasibət bildirməmiş İspaniya Senatının indi həqiqətdən uzaq iddialarla "ittihamçı” rolunda çıxış etməsi öz absurdluğu baxımından ciddi suallar doğurur.
İspaniya Senatına bəyan edirik ki, Azərbaycan dövlətinin həyata keçirdiyi anti-terror tədbirləri məhz regional sülh, təhlükəsizlik və sabitlik qarşısında dayanan ən böyük maneəni - aqressiv separatizmi aradan qaldırdı. Bu gün Azərbaycan hökuməti Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli istiqamətində tədbirləri uğurla davam etdirir. Bölgəyə səfər etmiş BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları da bunu təsdiq edir.
Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq, İspaniya Senatının bu bəyanatına qəti etirazımızı bildiririk”, - bəyanatda vurğulanır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !