Ermənistan müdafiə naziri Vigen Sərkisyan Qarabağda zabit tərəfindən açılan atəşlə başından ağır yaralanmış keçmiş əsgər, 21 yaşlı Albert Dəlləkyanın xaricdəki müalicəsi üçün özünün Facebook hesabında pul yığma aksiyasına başlayıb. Virtualaz.org epress.am-a istinadən xəbər verir ki, müdafiə naziri əsgərin başında mürəkkəb cərrahiyə əməliyyatına ehtiyac olduğunu, bu əməliyyatın Ermənistanda da aparıla biləcəyini, lakin xaricdə həkimlərin bu sahə üzrə daha təcrübəli olduqlarını bildirir.
Ermənistan İstintaq Komitəsinin bildirdiyinə görə əsgər Dəlləkyan 2016-cı ilin iyununda təmas xəttinin Xocavənd (Hadrut) istiqamətində bölük komandiri, leytenant Avaq Nahapetyanın "silahla davranma qaydalarını pozması” nəticəsində yaralanıb. İş üzrə istintaq davam edir, əsgərə atəş açan zabit hələ xidmətdədir. Dəlləkyanın isə beyni dağılıb və əlil olub. Müdafiə Nazirliyi onun xaricdə müalicəsi üçün pul ayırmaq səlahiyyətinin olmadığını bildirib. Səhiyyə Nazirliyi də əsgərin anasına rədd cavabı verib. Əməliyyatı Ermənistanda etməyi təklif edib.
Lakin sosial şəbəkə istifadəçiləri Vigen Sərkisyanı ələ salmağa başlayıblar. İstifadəçilər maraqlanıblar: nazirin bu cür pul yığması nə dərəcədə normaldır? Petros Sərkisyan adlı istifadəçi yazıb: "1000 dramlar qurtardı, yoxsa bu dilənçiliyin təzə yoludur?”
"Dilənçi sən özünsən”-müdafiə naziri həmin istifadəçiyə cavab yazıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !