"Mərhum şair Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümük qalıqları ətrafında müayinələr davam etdirilir. Aparılan işlər hələ başa çatmayıb. Aparılacaq müayinələrin və müayinə olunacaq obyektlərin miqyası genişlənib. Şairin ata nəslindən olan kişi cinsli yaxın qohumlarından da müayinələrin götürülməsi davam etdirilir. Artıq istintaq orqanları tərəfindən həmin şəxslər müəyyənləşdirilib və onlar müayinələrin götürülməsi üçün bizə təqdim edilib".
Anews.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.
Ə.Həsənov bildirib ki, təkcə Müşfiqlə bağlı deyil, digər şəxlərə məxsusluğu iddia olunan sümüklər üzərində də iş aparılır.
"Əvvəl təkcə Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümüklərlə bağlı iş aparılırdı. Daha sonra bizə digər tanınmışların da sümükləri ilə bağlı araşdırma aparılması tapşırıldı. Əhməd Cavad və digər ictimai-siyasi xadimlər də var. Belə qərara alındı ki, həmin ərazidə digərlərinin də məsələsi həll olunsun. Bütün bu işlər Azərbaycanda aparılır. Bizə müayinələrin aparılması üçün çoxlu sayda sümük qalıqları təqdim edilib və bu proses davam edir. Başqa nəsə deyə bilmərəm. Çünki qalan məsələlər istintaq sirridir".
Ədalət Həsənov müayinələrin nə zaman bitəcəyini dəqiq bilmir:
"Bu müayinələr uzun çəkən prosesdir. Dediyim kimi, materiallar gəlməkdə davam edir. Ona görə də dəqiq nə vaxt yekunlaşacağını söyləyə bilməyəcəm".
Prezident İlham Əliyev Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş nakam şair Mikayıl Müşfiqin Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Noyabrın 1-də işçi qrupunun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib.
İclasda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib.
Mikayıl Müşfiqə aid olduğu iddia edilən qalıqların aşkarlandığı yer Qaradağ rayonu ərazisində vaxtilə "NKVD qəbiristanlığı" olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !