Belə ki, 2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Sosial Tədqiqatlar Mərkəzinin sədri deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Qurtuluş Partiyasının sədri Fazil Mustafa, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev iştirak edəcəklər.
Bəs seçkidə iştirak edəcək namizədlər qalib gələcəyinə nə qədər inanır?
Milli Qurtuluş Partiyasının sədri Fazil Mustafa deyir ki, seçkidə iştirak etməklə partiya vəzifə borcunu yerinə yetirir.
"Azərbaycanda seçkilərin favoriti İlham Əliyevdir.Ona görə yox ki, iqtidarın başında durur və Azərbaycanın bütün əsas icra gücü ondadır.Ona görə ki, Azərbaycanın 200 illik problemini həll edib.Qarabağı azad edib.Məhz bu amilə görə bu günki seçkinin birmənalı favoriti İlham Əliyevdir. Amma seçki qalibgəlmə şansı ilə ölçülmür. Demokratik seçkinin iştirakçısı olaraq qatılırsan bura öz fikirlərinlə, dünyagörüşünlə düşüncənlə platforma ilə tövhə verirsən və seçki prosesində iştirak etmək həm də cəmiyyətin mədəni səviyyəsi qalxması baxımından vacibdir. Elə fikirlər var ki, sənin fikirlərin iqtidar üçün də dəyərli ola bilər.İndiki halda qüvvələr nisbəti bizim xeyrimizə deyil. O demək deyil ki, prosesdən geridə qalmalıyıq",- deputat bildirib.
Millət vəkili hesab edir ki, seçkilərdə demokratiyanın tələbi ən aşağı qüvvələrin aktiv fəaliyyətini göstərilməsidir.
"Demokratiyanın tələbi budur ki, ən aşağı imkana sahib ola biləcək qüvvələr belə cəmiyyət həyatında aktiv iştirak edirlər. Biz siyasi partiya olaraq iştirak edirik. Partiya kimi vəzifə borcumuzu yerinə yetiririk. Azərbaycanla bağlı fərqli fikirlərimiz var. Baxışları cəmiyyətə təqdim etmək üçün şansımızdan istifadə edəcəyik. Qarabağdan sonra insanların İlham Əliyevə səs verməsi imkanları əlbətdəki dəyərləndiriləcək. Amma bu bizi seçkidən imtina etməmizə əsas vermir. Bizim platformamızı bəyənib səs verən insanlar ola bilər. O demək deyil ki, bu böyük səs çoxluğu təşkil etsin. Hətta azlığı təşkil etsə belə fikirlərin ən azı cəmiyyətdə yer alması bizim üçün maraqlıdır. Bizim sözümüz var və onu deməyə haqqımız var. Ümidimiz yoxdur fikri ilə yanaşsaq ona qalsa olimpiyadalarda 1-ci yeri tutandan başqa heçkim qatılmasın? Hamı özünü təsdiq etmək istəyir",- o əlavə edib.
Fazil Mustafa vurğulayır ki, nəticə həm də təbliğatdır və prosesə girmədən nəticəni bildirmək doğru deyil.
"Seçkilərdə müxalifət iştirak edir. Xaricdən idarə edilən müxalifət və ya hansısa bir rela bir gücü, fikri, dünyagörüşü , mövqeyi olmayan müxalifət söhbət gedirsə onsuz da həmişə baykot edir. Çünki öz gücünü bilir. Onlar nəinki seçki kampaniyasında Qarabağın azad olunma kampaniyasında dəstək verib iştirak etmədilər"- deputat bildirib.
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev deyir ki, qarşılarında güclü bir rəqibin olması onları narahat etmir.
"Milli Cəbhə Partiyasını və onun namizədini güclü rəqiblə seçkilərə qatılmaq nə narahat edir, nə də qorxudur. Seçkilərin nəticələrini Azərbaycan seçiciləri müəyyən edir. İnanıram ki, bizim partiyamız yadda qalan kampaniya aparacaq və üstünlüklər əldə edə biləcək. Başa düşürəm ki, çox ciddi namizədlə üz-üzəyik.Bu seçkiyə qatılan namizədi niyə narahat etməlidir?. Əksinə onu o narahat etməlidir ki, daha çox çalışsın və mübarizə aparsın. Bəzən seçkidə iştirak edən namizəd məğlub olmadan çıxır. Seçki bir təcrübədir, digər seçkiyə hazırlıqdır. Çağırışlardan çəkinmirəm"- deputat deyib.
Nurullayev seçkilərin boykot elan edilməsini qəbul etmədiyini söyləyib.
"Seçkilərin baykot olması məsələsini birmənalı olaraq qəbul etmirəm. Siyasətçi və partiyası mütləq seçkilərdə iştirak etməlidir.Heç bir bəhanə, səbəb seçkilərdə iştirakçını kənarlaşdırmamalıdır. Hər hansı partiya hansısa səbəbə görə iştirak etməmək qərarı verə bilər. Amma seçkini boykot edirəm sadəcə özünə haqq qazandırmaq məqsədi güdür. Dalbadal seçkini baykot etmənin nə mənası var ki...Əli Kərimli seçkidə iştirak etsəydi daha çox insanlara çıxış əldə edə bilərdi. Niyə bu tribunadan istifadə etməyəsən. Qabağında isti çay müsahibə ver, sonra paylaş. Bu siyasi mübarizə deyil. İmza toplamaq, xərc çəkmək lazımdır."- o bildirib.
Sosial Tədqiqatlar Mərkəzinin sədri, deputat Zahid Oruc hesab edir ki, 30 ildən artıqdır ki, aktiv siyasi proseslərin içərisində vətəndaşların səsini hakimiyyət orqanlarına çatdırmağa çalışıb.
" Çətin milli sınaqlardan keçmişik. Hər zaman taleyüklü problemlərə münasibət bildirməyə, vətəndaşlarımızın səsini hakimiyyət orqanlarına çatdırmağa çalışmışam. Ona görə də 7 fevral təkcə Birinci şəxsi müəyyənləşdirmir, həm də millətimizin gələcək ictimai-siyasi gündəliyini formalaşdırır. Ən əsası, ideyaların uğur qazanmasıdır. Heydər Əliyevçi platformanı çoxlu sayda namizəd təmsil edə bilər. Bizim platformamızı cazibədar edən onun xalq mənafelərinə söykənməsi, əsas problemlərin həlli yolunun göstərilməsi ilə fərqlənəcəkdir. Nəhayət, bütün dünyada seçki yarışının qalibi iki nəfər deyil, bir şəxs olur. Lakin müstəqillik tariximizdə biz elə edə bilərik ki, seçkilərin nəticəsində heç kəs özünü məğlub saymasın",- Zahid Oruc söyləyib.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyir ki, seçkilərdə ilk üçlükdə olmaq partiyanın əsas məqsədidir.
"Partiya olaraq namizədliyimizi Mərkəzi Seçki Komissiyasına təqdim etmişik. Seçkilərdə iştirak etmək hər bir siyasi partiyanın borcudur. Növbədənkənar seçkilərin keçirilməsi dünyada baş verən son proseslərlə bağlıdır. Azərbaycana qarşı çoxlu təziq var. Gələn il Rusiyada, Amerikada,Avropada seçkilər keçiriləcək. İndi seçkiləri keçirməsək o zaman bizi istəməyən qüvvələr üçün şərait yaranacaq. Hər kəsin öz maraqları var. İlham Əliyevin qalib gəlmə şansı həddən artıq yüksəkdir. O, Vətən Müharibəsin qalib gəlmiş sərkərdədir. Əgər indidən desək İlham Əliyev qalibdir deyəcəklər ölkədə seçki keçirilməsi formaldır. Seçkidə iştirak edənlərin hüququna hörmətlə yanaşmaq lazımdır. İlk 3-lükdə olmaq niyyətindəyik. Bunun gələcək seçkilərə də böyük təsiri olacaq. Özünə ana müxalifət, ata müxalifət deyənlərin seçkini boykot etməsi doğru addım deyil. Nə qədər boykot eləmək olar? Deyirlər ölkədə demokrat seçki yoxdur. Demokratik seçkilər üçün siyasi partiyalar çalışmalıdır",- partiya sədri deyib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevdən seçkidə iştirakı ilə bağlı münasibət ala bilmədik.
Deputatların müxalifət partiyalarının boykot elan etməsinə münasibət olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi bildirib ki, iştirak olan namizədlər müxalifətin rəqibi ola bilməz.
"Namizədlər əmindilər ki, prezidentə qalib gələcəklər ona görə də bizim boykot etməyimizi qorxuruq kimi qələmə verirlər? Qorxaq nəyə deyirlər? Bu gün Azərbaycan müxalifətinin 100-dən artıq siyasi məhbusu var. Onların arasında jurnalistlər, ictimai fəallar var. Bunların hamısı tənqid nəticəsində olub. İlham Əliyevə bu günə qədər bir cümlə olsun tənqid səsləndirməyənlərin qorxaqlıqdan danışmağı gülməlidir. Özümüzü onlara rəqib saymırıq.Biz İlham Əliyevə və hökumətə rəqibik. Onlar arxada gizlənən şəxslərdir. Əgər rəqib olsaydıq nəyi dəyişərdik sualına açıq qalan N qədər problemlər var. 100 minlərlə insanın pensiya hüququ pozulub. Qarabağlılar hələ öz vətəninə gedib çıxa bilmir. O torpaqlar qayıdıb mı ki oradan olan vətəndaşlar İlham Əliyevə səs versin?...( Red-Qarabağ ailəyə məxsus şəxslər arasına paylanır. Otellər, restoranlar tikilir.)
Müsavat Partiyasının basqanı Arif Hacılıdan seçkilərdə iştirak etməməkləri ilə bağlı fikirlərə şərh almaq mümkün olmayıb.
Seçkidə iştirak edəcəklər namizədlər kimlərdir?
İlham Əliyev - 1961 -ci il Bakıda doğulub. Yeni Azərbaycan Partiyasının sədridir. 2003-cü il Azərbaycanın baş naziri vəzifəsini icra edib. Elə 2003-cü ildən Silahlı Qüvvələrin Ali Baş Komandanıdır. I və II Milli Məclisin deputatı olub. Azərbaycanın 4-cü prezidentidir. 2003-cü ildən sonra Azərbaycanda keçirilən prezident seçkilərinin qalibidir.
Zahid Oruc - 1972-ci il Gədəbəydə doğulub. Sosial Tədqiqatlar Mərkəzinin sədridir. Milli Məclisin II, III, IV, V, VI deputatdır. Əfv Komissiyasının üzvüdür. 2018-ci il Prezident seçkilərində namizədliyini irəli sürüb.
Fazil Mustafa - 1965-ci il Naxçıvanda doğulub. 2003-cü ildən Böyük Qurtuluş Partiyasının sədridir. Milli Məclisin III, IV, V, VI deputatdır.
Qüdrət Həsənquliyev - 1965-ci il Naxçıvanın Culfa rayonunun Əbrəqunus kəndində doğulub.2004-cü il Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası təsis edib. Milli Məclisin II, III, IV, V, VI deputatdır.O, 2003, 2008, 2013 və 2018-ci il prezident seçkilərində prezidentliyə namizəd olub.
Razi Nurullayev - 1971-ci ildə İmişlinin Xəlfəli kəndində anadan olub. Nurullayev 2020-ci ildə Milli Cəbhə Partiyasını təsis edib. VI çağırış Milli Məclisin deputatıdır. 2018-ci il keçirilən Prezident seçkilərində namizəd olub.
Elşad Musayev - 1963-cü il sentyabrın 5-də Ermənistanın Alaverdi rayonundan anadan olub. O son 5 parlament seçkilərində də deputatlığa namizəd olub. Rəsmi məlumata görə, hər dəfə dairə üzrə ikinci səs toplayan namizəd olub.
Sədri olduğu partiya 2003-cü il təsis edilib.
Hələlik Prezident seçkiləri ilə bağlı Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməmək, Azərbaycan Xalq Cəbhəsi Partiyasi seçkiləri boykot etmək barədə qərar qəbul edib.
"Seçki Məcəlləsi"nə görə, seçki hüququ olan hər bir vətəndaş və yaxud vətəndaşlar prezidentliyə namizəd irəli sürmək üçün azı 100 nəfərdən ibarət olan təşəbbüs qrupu yarada bilərlər. Seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra prezidentliyə namizədlər irəli sürülür.
Siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !