"Bir əsrə yaxın müddətdə daxili işlər orqanları vətənə və xalqa ləyaqətlə xidmət edib"

10:08 | 01.07.2016

"Bir əsrə yaxın müddətdə daxili işlər orqanları vətənə və xalqa ləyaqətlə xidmət edib"

Bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2015-2016-cı tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
 
APA-nın məlumatına görə, mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib.
 
Mərasimdə çıxış edən R. Usubov ölkədə aparılan quruculuq işlərinin və islahatların Daxili İşlər Nazirliyinin digər orqan və hissələri ilə bərabər Polis Akademiyasını da əhatə etdiyini bildirib: "Məhz dövlət başçısının böyük diqqət və qayğısı sayəsində akademiyanın maddi-texniki bazası güclənib və təhsilin keyfiyyəti yüksəlib. Təkcə son beş ildə ən müasir tələblərə cavab verən 400 nəfərlik beşmərtəbəli yataqxana binası inşa edilib. Bu ilin mart ayında isə yeni altımərtəbəli tədris korpusunun və 450 yerlik konfrans zalının tikintisinə başlanılıb. Həmçinin yenidənqurma işləri nəticəsində müasir idman kompleksi, hər bir texniki və əyani vəsaitlə tam təchiz olunmuş auditoriyalar, virtual təlim otaqları, siniflər, fənn kabinetləri və sınaq meydançaları istifadəyə verilib”.
 
Diqqətə çatdırılıb ki, hazırda Polis Akademiyasında bir elmlər doktoru, 13 elmlər namizədi və altı dosent fəaliyyət göstərir, daha 19 əməkdaş doktorluq və namizədlik dissertasiyası üzərində çalışır. R. Usubov qeyd edib ki, bir gün sonra - iyulun 2-də daxili işlər orqanları çox əlamətdar bir tarixi - Azərbaycan polisinin yaranmasının 98-ci ildönümünü qeyd edəcək.
 
Nazir əlavə edib ki, ötən bir əsrə yaxın müddətdə respublikanın daxili işlər orqanları vətənə və xalqa xidmət missiyasını ləyaqət və vicdanla yerinə yetirib.
 
Daha sonra daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirən beş məzuna - Şəhriyar Abuzərli, Mətin Qulubəyli, Zöhrab Quliyev, Gözəl Gözəlov və Natiq Şahverdiyevə diplomlar və polis baş leytenantı xüsusi rütbələrini təqdim edib. Əlaçı məzun Orxan Mirzəyev yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub.
 
Sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM