Son vaxtlar ölkənin valyuta bazarında belə hal daha çox müşahidə edilir: avronun manata olan məzənnəsi qalxdıqda, dollar ucuzlaşıb, dolları qalxdıqda avro ucuzlaşıb. Bu hal nə ilə bağlıdır və nəyin göstəricisidir?
ANN.Az bu mövzu ilə iqtisadçı ekspertlərə - Oqtay Haqverdiyevə və Vüqar Bayramova müraciət edib.
Ekspert Oqtay Haqverdiyev ANN.Az-a açıqlamasında Azərbaycanın xarici iqtisadi siyasətinin həm dollar, həm də avro ilə aparıldığını deyib: "Buna görə də bu iki valyuta arasında nə baş verirsə, bizim valyuta ehtiyatlarımıza da təsir edir. Bu valyutaların da daxili strukturlarında dəyişikliklər olur. Yəni avronun məzənnəsi aşağı düşdükdə, dolların məzənnəsi artır. Nəticə etibarı ilə Azərbaycan burada heç nə itirmir. Qeyd edim ki, Azərbaycanın daxili avro ehtiyatı 30 faizdir”.
Müsahibimiz qeyd edir ki, avro pul vahidinin ucuzlaşıb dolların bahalaşması, yaxud da əks prosesin baş verməsi Azərbaycandan asılı deyil: "Buna səbəb Amerikanın iqtisadiyyatı və Avrozona iqtisadiyyatıdır. Yəni valyuta bazarında hansı pula daha çox ehtiyac yaranırsa, ona da tələbat daha çox olur. Beləliklə də, həmin valyuta məzənnəsində dəyişiklik olur. Bu iki ölkə daim öz iqtisadiyyatına nəzarət edir. ABŞ iqtisadiyyatında çox genişmiqyaslı dəyişikliklər olur. Məsələn, ölkə dollar əskinazını daha çox çap edir ki, valyutanın məzənnəsini aşağı salsın. Çünki onların ixracında cüzi bir problem olan kimi onlar bu siyasətlərindən istifadə edirlər. Dolların uzulaşıb avronun qalxmasına Azərbaycanın heç bir müdaxiləsi yoxdur və ola da bilməz. Yəni bu valyutalar ABŞ və Avrozona ölkələri tərəfindən idarə olunur. Bu valyutaların bizə təsir etməsinin əsas səbəbi də həmin ölkələrlə olan iqtisadi əlaqələrdir”.
Yunanıstanda baş verən böhranın valyuta bazarına təsir etməsi məsələsinə gəlincə, iqtisadçı ekspert avronun bu böhrandan ciddi təsir gördüyünü bildirib: "Bu böhran avroya təsir etdi, amma təbii ki, dollara da təsirsiz ötüşməyəcək. Nədənsə hamı böhranın avroya olan təsirindən danışır. Bəs dollar? Dünyada gedən bütün iqtisadi ticari əlaqələrin hamısı dollar valyutası ilə aparılır. Dünyanın hansı ölkəsində istəsən dollarla nəyisə əldə etmək olar. Hazırda dünyanın ən güclü valyutasının funtsterlinq olmasına baxmayaraq, bu valyuta ilə dünyanın hər yerində alış veriş etmək mümkün deyil. Dollarla isə mümkündür. Misal üçün Azərbaycan daha çox sıx ticari əlaqələri olduğu Rusiya ilə də mal alış-verişini dollarla həyata keçirir”.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Vüqar Bayramov ANN.Az saytına açıqlamasında iki xarici valyutanın manata nisbətən bahalaşıb-ucuzlaşmasında Mərkəzi Bankın hazırda apardığı siyasətlə əlaqələndirib.
Onun sözlərinə görə, fevral devalvasiyasından əvvəl dollar manata nisbətən ucuzlaşırdısa, avroda da eyni proses baş verirdi – avro da manata nisbətən ucuzlaşırdı: "İndi isə Mərkəzi Bank iki valyutalı rejimə keçib. Əvvəllər bir valyutalı rejim idi. Yəni tək dollar idi. Buna görə də kurs ancaq dollara əsasən müəyyən edilirdi. Hazırda isə valyuta səbəbətində manatın məzənnəsini müəyyənləşdirmək üçün həm dolların, həm avronun payı var. Bu da iki valyutalı rejimin əsas göstəricisidir. Əvvəllər avronun Azərbaycandakı ehtiyat payı 30 faiz idi. Amma may ayından sonra Mərkəzi Bank avro ehtiyatını daha çox artırmağa başladı. Əgər dünya bazarında dollar avroya nisbətən möhkəmlənirsə , avtomatik olaraq manata nisbətən də möhkəmlənir. Və ya əksinə doLlar avroya nisbətdə dəyərini itirirsə, manata da nisbətdə dəyərini itirmiş olur. Çünki artıq Azərbaycanın valyuta səbətində avro var”.
Ekspert onu da əlavə edib ki, digər iki valyutalı ölkələrdə də, məsələn Rusiyada da oxşar praktika tətbiq olunur: "Bu proses əksər MDB ölkələrində istifadə olunur. Yəni avronun dünya bazarında məzənnəsində hər hansı dəyişiklik olursa, bu həmin ölkələrə də öz təsirini göstərir”.
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !