«Validatorlar ilk mərhələdə 2 marşrutda, 80-ə qədər avtobusda tətbiq olunub.Ümumiyyətlə, şəhərdə 2 500-ə qədər avtobus fəaliyyətdə olur. Artıq 1 000-ə qədər avtobusda validator quraşdırılıb. Əlavə 500 avtobusda da quraşdırılacaq. Bu ilin sonuna qədər bütün avtobuslarda validatorların quraşdırılması prosesinin başa çatdırılması nəzərdə tutulub». Bunu APA-ya açıqlamasında Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov söyləyib. N.Həsənov deyib ki, avtobusların hamısında validatorlar quraşdırılana, ödəniş tam kart sisteminə keçənə qədər nağd ödəniş buna paralel aparılacaq. Onun sözlərinə görə, insanların bir hissəsinin kart sistemi barədə məlumatı yoxdur: «Ona görə də validatorların quraşdırılması prosesi tam başa çatana, bu ilin sonuna qədər nağd ödəniş sistemi də aradan qaldırılacaq. Maksimum halda bu proses 2015-ci ilin yayına, Avropa Olimpiya Oyunlarına qədər başa çatmalıdır. Buna qədər proses tam başa çatdırılmalıdır ki, xaricdən gələn turistlər də kartla ödəniş sistemindən istifadə edə bilsinlər». N.Həsənolv bildirib ki, bu sahədə ciddi bir problem müşahidə olunur: «Validator quraşdırılan avtobuslarda sürücülərin kartlara qarşı münasibəti bizi ağrıdır. Validatora yaxınlaşan sərnişinə sürücü deyir ki, sənin kartın mənim nəyimə lazımdır, nağd pul ver. Kimdəsə kart varsa, sürücünün ixtiyarı yoxdur ki, sərnişinə irad tutsun. Kart onun üçündür ki, sərnişin kartı validatora yaxınlaşdırıb rahat yoluna davam etsin. Bəzi gözünü pul örtmüş sürücülərlə bağlı Nəqliyyat Nazirliyinin qaynar xəttinə məlumatlar daxil olur. Bu, yolverilməz haldır. Biz sahibkarlara müraciət edirik ki, kimin marşrutunda belə bir hal baş versə, o marşrut alınaraq başqa sahibkara veriləcək. Çünki sürücünü işə sahibkar götürür, nazirlik sürücünü işə götürmür. Sahibkarlar bilməlidirlər ki, kart sisteminə keçid dönməz prosesdir». N.Həsənov qeyd edib ki, əmək haqqı məsələsi sahibkarla sürücü arasında tənzimlənir: «Kart sisteminə keçəndən sonra sahibkar sürücünü havayı işlədərsə də, özləri bilər. 72 marşrutu 32 sahibkar idarə edir. Bunların 19-u hüquqi, 13-ü fiziki şəxsdir. Fiziki və hüquqi şəxslər sürücü ilə müqavilə bağlayarkən əmək haqqını orada göstərir. Sürücünü həmin maaş qane edirsə, işləyir. Nəqliyyat Nazirliyi peşəkar sürücü bazasının yaradılması ilə bağlı tədbirlər görür, ehtiyat sürücülər olmalıdır. Xüsusən, 21-dən aşağı yaşı olmayan, 3 ildən aşağı təcrübəsi olmayan və D kateqoriyası olan sürücülər olmalıdır. Sürücülərə alternativ, rəqabət olanda avtobus sürücüləri daha məsuliyyətli olacaqlar».
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !