27 noyabrda Xalq Şairi Nigar Rəfibəylinin 100 illik yubiley tədbiri keçiriləcək.
ANN.Az-ın Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bir çox elim və mədəniyyət xadimlərinin, ədəbiyyatsevərlərin iştirak edəcəyi tədbirdə şairin həyat və yaradıcılığından söhbət açılacaq, incəsənət ustaları tərəfindən şerləri səsləndiriləcək, sözlərinə bəstələnmiş mahnılar ifa olunacaq.
Qeyd edək ki, Nigar Rəfibəyli 23 iyul 1913-cü ildə Gəncə şəhərində anadan olub. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu, 1936-cı ildə isə Moskvada Pedaqoji İnstitutunu bitirib. Bakı kinostudiyasının ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində və "Azərnəşr"də bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində işləyib. "Dənizin səsi gəlir", "İşıqlı dünyam", "Günəşdən gənclik istədim", "Həzin bir axşamda düşsən yadıma", "Şanlı nəsillərin yadigarısan", "Zəfər nəğməsi", "Anaların səsi", "Balaca qəhrəman", "Günəşin cavabı", "Məstanın balaları", "Bizə bahar yaraşır" və s. kitabları nəşr olunan Nigar Rəfibəyli "Şərəf" nişanı və Xalq Şairi fəxri adına layiq görülüb.
Nigar Rəfibəyli 1981-ci ildə Bakı şəhərində vəfat edib.
ANN.Az