Nikah - milli-mənəvi dəyər, yoxsa cəmiyyət qarşısında öhdəlik?

14:57 | 27.05.2015
Nikah - milli-mənəvi dəyər, yoxsa cəmiyyət qarşısında öhdəlik?

Nikah - milli-mənəvi dəyər, yoxsa cəmiyyət qarşısında öhdəlik?

Sevmədən evlənmək, inanmadan ibadət etmək kimi alçaqcasına bir işdir.
Çexov

Toy, nikah, kəbin – bu adətlər milli-mənəvi dəyərlər sistemində əhəmiyyətli yer tutur. Həm Azərbaycan qanunvericiliyində, həm də bütün müqəddəs kitablarda ailəyə – iki fərdin ilahi varlıq və cəmiyyət qarşısında əhd-peyman bağlamasına xüsusi önəm verilir. 

Bu yaxınlarda ailə quran iki gənc – Aysel və Nazim həm dini kəbin kəsdirdiklərini, həm də rəsmi nikaha girdiklərini deyirlər. Nazim rəsmi nikahlarının elə şadlıq evində – toy mərasimi zamanı bağlandığını qeyd edib: "Kəbinimiz isə məsciddə kəsildi. Daha çox "Göy məscid” kimi tanınan Əjdərbəy məscidinə getdik və hər ikimizin iştirakı ilə kəbinə girdik”.

Aysel isə qeyd edib ki, əvvəllər məscid deyildikdə ancaq ibadət, yaxud da yas mərasimləri yada düşürdü: "İndi məscidlərdə kəbin otaqlarının ayrılması çox yaxşı haldır. Əvvəl bizdən rəsmi nikah şəhadətnaməsi istədilər və yaşımızın 18-dən yuxarı olmasını yoxladılar. "Quran” oxundu, bizim razılığımız istənildi, xeyir-dua verildi. Çox ürəyimizcə oldu”.

Digər cütlük – Aynur və Türkel nişanlıdırlar və gələn ay ailə quracaqlar. Hər iki gənc əsasən rəsmi nikaha önəm verdiklərini deyirlər. Onlar dini kəbin kəsdirəcəklərini, amma bunu əsasən valideynlərinin istəklərinə görə edəcəklərini bildiriblər: "Valideynlərimiz dindardırlar, onların belə bir tələbləri var deyə bunu etmək məcburiyyətindəyik. Hesab edirik ki, dini kəbin xoşbəxt olmağımız üçün çox da önəmli faktor deyil. Əsas cəmiyyətə layiq olmaq, eyni zamanda cəmiyyətdən lazımi dəstəyi almaqdır”.

Gənclər hesab edir ki, nikahın rəsmiləşdirilməsi məsələlərində könüllük şərt olmalıdır: "Dini kəbin dindar vətəndaşlar üçün daha önəmlidir. Bizim qanunlarımızda dini kəbin tələb olunmur, Azərbaycan da dünyəvi ölkədir. Dini kəbin sadəcə bir adətdir, istəyən onu yerinə yetirir, istəməyən yerinə yetirmir”.

Bu iki cütlüyün nümunəsində milli-mənəvi dəyərlərimizdən biri olan nikah mərasimi haqqında fikirlər səslənib. Toy, evlənmək, nikah bağlamaq kimi ənənələrin milli-mənəvi dəyərlər sistemindəki yeri, mövqeyi nədən ibarətdir? Bu dəyərlərin mahiyyəti olduğu kimi saxlanılıbmı? Avropaya inteqrasiya ilə milli-mənəvi dəyərlərin sintezi mümkündürmü? Bu və ya digər suallarla bağlı ayrı-ayrı ekspertlərin fikirləri ilə tanış olaq

Milli-mənəvi dəyər nədir? 

Yazıçı-kulturoloq Aydın Xan Əbilov ANN.Az-a açıqlamasında təəssüflə qeyd edib ki, əksər hallarda milli-mənəvi dəyərlər məfhumu "mentalitet” kimi başa düşülür: "Milli-mənəvi dəyərlər dedikdə çox böyük sahələri özündə birləşdirən xüsusi dəyərlər sistemi nəzərdə tutulur. Təəssüf ki, bunu daha çox lokallaşdırıb, daha çox mentalitetlə bağlayırlar. Əslində milli dəyərlər dedikdə hər hansı bir xalqın, millətin mental dəyərləri - yəni özünəməxsusluğu, indiyə qədər olan yaşam tərzi, tarix boyu qəbul etdiyi müəyyən standartlar, çərçivələr, tabular başa düşülməlidir. Bura etnik xüsusiyyətləri də daxil etmək mümkündür. 
 


Mənəvi dəyərlər dedikdə din, inam, ədəbiyyat və onunla bağlı olan digər xüsusiyyətlər qəbul edilməlidir. Bu səbəbdən də milli-mənəvi dəyərlər dedikdə çox geniş sahə gözlərimiz önündə canlanır”.

A.Əbilovun sözlərinə görə,  müasir dövrdə mill-mənəvi dəyərlər dedikdə daha çox hərbi, vətənpərvərlik, eyni zamanda tarixinə, ədəbiyyatına, dilinə, millətinə, xalqına və dəyərlərinə hörmət bəsləyən müəyyən bir anlayış kimi qəbul edilir: "Biz bunu daha çox yeni nəslin tərbiyəsində, tədrisində istifadə olunan ideoloji vasitə kimi qəbul edirik. Milləti formalaşdıran onun dəyərləridir. Bu dəyərləri isə intellektual, kreativ insanlar, yaradıcı elit təbəqə yaradır. Azərbaycanın milli-mənəvi dəyərləri dedikdə ölkəmizlə bağlı, vətəndaşlarımızla bağlı, Azərbaycan-türk soyu ilə bağlı olan dəyərlər nəzərdə tutulur”.

Kulturoloq Azərbaycanın milli-mənəvi dəyərlər sistemini şərh edərkən onun qismən multi-kultural xarakter daşıdığını deyib və geniş anlamda qlobal hadisə kimi dəyərləndirib: "Çünki biz həm şərqin, həm qərbin, həm xristian dünyasının, həm müsəlman dünyasının, həm islamın, həm xaçpərəstliyin, həm atəşpərəstliyin sərhədində, yaxud qovuşağında dayanan bir millətik. Bəlkə elə bu səbəbdən milli-mənəvi dəyərlərimiz də açıqdır. Yəni bura qərbin də, şərqin də, qədim yunan-roman, ərəb, fars, qədim türk mədəniyyətlərinin böyük təsir etdiyini görürük. Sözsüz ki, bu milli-mənəvi dəyərlər öz baaşlanğıcını ulu türk mədəniyyətindən götürür”.

Milli-mənəvi dəyərlərimizin digər mədəniyyətlərin güclü təsirinə məruz qaldığını vurğulayan ekspert hazırda özümüzü nə şərq, nə də qərb ölkəsi saymadığımızı deyib: "Çünki hər iki tərəfin, hər iki mədəniyyətin sivilizasiyanın təsiri ilə formalaşmış dəyərlərimiz yaranıb”. 

Müasir insanın formalaşmasında mühüm rol oynayan milli-mənəvi dəyərlərin bəziləri itib, bəziləri isə yeni keyfiyyət alıb: "Bizim xüsusi günlərimiz, xüsusi bayramlarımız, adət-ənənələrimiz var. Onların bəziləri günü-gündən daha geniş vüsət alır, hətta dünya səviyyəsinə çıxır, digər tərəfdən isə bəziləri öz aktuallığını itirir, yad təsirlər nəticəsində gündəmdən çıxır. Misal olaraq muğamımız, Novruz bayramının qeyd olunmasını deyə bilərik. Artıq bu dəyərlərimiz dünya tərəfindən də qəbul olunur. İtən dəyərlərə daha çox nümunələr çəkə bilərik: 19-cu əsrə qədər qadın-kişi toyları ayrı-ayrı olurdusa, qadın-kişi rəqsləri ayrı-ayrı olurdusa, artıq 20-ci əsrdə Avropanın, sovetlərin təsiri ilə bu fərqlilik aradan qalxdı – yəni milli-mənəvi dəyərlər sisteminə aid olan bir xüsusiyyət yoxa çıxdı”. 

"Dövlət konsepsiyası hazırlanmalıdır”

Dini qurumlarla iş üzrə dövlət komitəsinin sabiq sədri, "İrşad” Araşdırmalar Mərkəzinin rəhbəri Rafiq Əliyevn milli-mənəvi dəyərlərimizin təhlükə altında olduğunu qeyd edib: "Milli-mənəvi dəyərlər bizə babalarımızdan, əjdadlarımızdan qalanan dəyərlər toplusudur. Bura həm milli dəyərlərimiz, həm də mənəvi dəyərlərimi - adətlərimiz, dini ənənələrimiz daxildir. Bu dəyərlər sistemi hazırda çox böyük təhlükə qarşısındadır. Düzdür, mədəniyyətlə bağlı keçirilən tədbirlər milli-mənəvi dəyərlərimizin qorunmasına yönəlib. Amma bu dəyərləri qoruyub saxlamaq üçün ciddi dövlət konsepsiyası hazırlanmalıdır. Araşdırılmalıdır ki, Sovet dövrünə qədər hansı dəyərlər mövcud idi, Sovet Hakimiyyəti zamanı hansılar itdi, hansılar qaldı? Eyni zamanda son 25 ildə hansılar itib, hansılar qalıb və hansılar bərpa edilib?” 
 
 

Milli-mənəvi dəyərlərin müasirləşməsi məsələsinə gəlincə, R.Əliyev adət-ənənələrin avropa standartlarına uyğunlaşdırılmasının başa düşüldüyünü qeyd edib: "Avropa standartları hələ milli-mənəvi dəyərlər sistemi kimi formalaşmayıb. Avropa standartları bizim milli-mənəvi dəyərlərimizi təyin etmək üçün hansısa hüquqa malik deyil. Məgər biz avropalıyıq? Bizim şüurumuz avroplalıların şüurundan fərqli deyilmi? Biz şərqdə böyümüşük, müsəlmanıq, avropalı və Avropa ola bilmərik”. 

R.Əliyev Avropa standartlarının da müsbət tərəflərinin olduğunu qeyd edib: "Əgər milli-mənəvi dəyərlərin müasirləşməsindən, avropaya inteqrasiyadan danışırıqsa, o zaman özümüzün müsbət keyfiyyətlərimizlə Avropanın müasir standartlarını birləşdirməliyik. Dəyərlərimizin məzmununu deyil, formasını müasirləşdirmək əsl inkişaf kimi başa düşülə bilər”. 

"Ailənin möhkəmlənməsinə cəmiyyətin özü təminat verməlidir”

İlahiyyatçı Nəriman Qasımoğlu qeyd edib ki, kəbin - ictimaiyyət qarşısında bir cütlüyün ailə münasibətlərinin rəsmiləşdirilməsi deməkdir: "Yəni kəbin rəsmiləşdirilmə məsələsidir. Onun dini və ya dünyəvi tərəfi yoxdur. Ona görə yoxdur ki, "Quran”da da dini və dünyəvi deyilən dəyərlər bölgüsü yoxdur. Din məsələlər arasında dini və dünyəvi olaraq ayrı-seçkilik salmır. Bu məntiqdən çıxış  edəkərək bildirirəm ki, hər hansı bir münasibət nikahla rəsmiləşdirilirisə, qanunla tələb olunanda da elə budur. Yəni ailə münasibətlərinin rəsmiləşdirilməsi insanın təhsili ilə, dünya görünüşü ilə, təfəkkür tərzinin formalaşması ilə bağlıdır”. 
 
 

Azərbaycanın dünyəvi dövlt olduğunu xatırladan ilahiyyatçı dindarların ehtiyaclarının nəzərə alındığını, yəni bu adət-ənənənin tarixdən gəldiyi üçün onlara icazə verildiyini bildirib: "Onlara məhz bu səbəbdən icazə verilir ki, evlənmək istəyən cütlüyün həm də dini kəbini kəsilsin.  Dövlətin  əsas funksiyasi budur ki, vətəndaşların vətəndaşlıq vəziyyəti – yəni subaydır, evlidir, duldur və s. münasibətləri qeydə alınsın, rəsmilədirilsin. Eyni zamanda iki gəncin nikah bağlaması rəsmi formada, ictimaiyyət qarşısında ona görə elan olunur ki, bu ailənin möhkəmlənməsinə həm də cəmiyyətin özü təminat verməlidir. Fikir versəniz, nikahın rəsmiləşdirilməsi tək Azərbaycanda deyil, bütün dünyada var”.

"Hazırda dini nöqteyi nəzərdən kəbinsiz qurulan ailənin qeyi-legitim olduğunu anlayırlar”

İlahiyyatçı Hacı Şahin Həsənli müasir Azərbaycanda rəsmi nikahla bərabər dini kəbinlərin kəsilməsini müsbət addım kimi qiymətləndirib: "Sovet dövründə kəbin haqda təsəvvür olmadan kəbinsiz ailələr qurulurdu. Amma hazırda insanlar dini nöqteyi nəzərdən kəbinsiz qurulan ailənin qeyi-legitim olduğunu anlayırlar. Müşahidələrimizə əsasən demək olar ki, məscidlərə kəbin kəsdirmək üçün müraciət edən gənclərin sayı günü-gündən artır. Qafqaz Müsəlmanları İdarəsi belə bir qayda qoyub ki, rəsmi nikahı olmadan dini kəbin oxuna bilməz. Yəni dövlər qanunları ilə dini qanununların uyğunlaşdırılmasına doğru addım atılıb. Artıq dini kəbin üçün də yaş həddi dövlətin qanunlarına görə müəyyən edilirb – 18 yaş”. 
 
 

Şəxslər arasında nikahla yanaşı dini kəbinin oxunması məsələsinə toxunan Hacı Şahin Həsənli qeyd edib ki, Nikah evlərində belə otaqların fəaliyyət göstərməsi də müsbət addımdır: "Yəni nikah mərasimi olduqdan sonra cütlüklər könüllü olaraq dini kəbin də kəsdirə bilərlər. Hazırda belə otaqlar yalnız könüllü şəkildə yaradılıb. Yəni bunun üçün xüsusi qanun yoxdur. Amma bir ilahiyyatçı olaraq hesab edirəm ki, belə otaqlar bütün səadət evlərində, Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbələrinin hər birində yaradılarsa, yaxud bu məsələ qanunverciliklə uyğunlaşdırılarsa, daha səmərəli və məqdəsyönlü olar”.  

Statistika və maarifçilik

Rəsmi statistikaya görə, ilbə il həm nikahların, həm də boşanmaların sayı artır: 2010-cu ildə 79172 nikah (9061 boşanma), 2011-ci ildə 88145 nikah (10747 boşanma) 2012-ci ildə 79065 nikah (11087 boşanma), 2013-cü ildə 86852 nikah (11730 boşanma). Təəssüf ki, dini qaydada kəbin kəsdirənlərlə bağlı hər hansı statistika əldə edə bilmədik. Həm Qafqaz Müsəlmanları İdarəsi, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi belə bir statistikanın mövcud olmadığını bildirdilər.

Araşdırma zaman o da bəlli oldu ki, bəzən məlumatsızlıq gənclər arasında dini kəbinə marağın azalmasına səbəb olur. Halbuki, dini kəbinin də özünəməxsus şərtləri var. İslam alimlərinin əksəriyyətinə görə, evliliyin altı əsas şərti var:

1. Hər iki tərəfin qəbulu; 2. Qadın; 3. Kişi; 4. Şahidlər; 5. Mehir; 6. Elan (toy). 

Bu günkü islam alimləri isə dövlət qeydiyyatından keçməyi və kəbinin rəsmiləşdirilməsini də əsas şərt sayırlar. Hər iki tərəfin qəbulu isə "Mənimlə evlənməyi qəbul etdinmi?" təklifinə qarşı tərəfin "qəbul etdim" şəklində cavabı əsas hesab edilir. 

Təklif və qəbulda bunlara riayət etmək lazımdır: 

1. Hər iki tərəf evlənmək istədiklərini kəbin kəsilən yerdə açıqlamalıdır. Təklifdən dərhal sonra cavab verilməlidir. 

2. Təklif və qəbul hər yöndən bir-birinə uyğun olmalıdır. Bunların arasında hiylə, səhv və ayrılıq varsa, kəbin sayılmaz.

3. Təklif və qəbul hər iki tərəf və şahidlər tərəfindən eşidilməli və başa düşülməlidir. Ancaq lal və karlar xüsusi işarələrlə istəklərini yerinə yetirə bilərlər. 

4. Təklif və qəbulda işlədilən sözlər başa düşülən olmalıdır.

Məqalə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Mətbuat Şurasının "Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM