Fransa mətbuatında Strasburqun Reyn sarayında Nizami Gəncəviyə həsr olunan sərgi ilə bağlı növbəti məqalə dərc olunub.
Heydər Əliyev Fondundan verilən məlumata görə, Alzas regionunun nüfuzlu gündəlik mətbuat orqanı olan “Alzasın son xəbərləri” qəzetində dərc edilmiş “Dahi Nizami Gəncəvi” sərlövhəli məqalədə sərginin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirildiyi qeyd olunub.
Müəllif qeyd edib ki, gender bərabərliyi Konstitusiyasında təsbit olunan Azərbaycan 1920-ci ilədək davam edən qısa müstəqilliyi dövründə müsəlman Şərqinin qadınlara səsvermə hüququ verdiyi ilk ölkə olub.
Qəzet yazır ki, Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın istər orta, istərsə də ali təhsil ocaqlarında tədris olunur, onun əlyazmalarının bir nüsxəsinin Strasburq Mərkəzi Kitabxanasında saxlanılır, əsərləri bir çox xarici dillərə, o cümlədən fransız dilinə tərcümə olunub.
Qeyd edək ki, Heydər Əliyev Fondu Azərbaycanın Fransadakı səfirliyi ilə birlikdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyinə həsr edilmiş "XII və XXI əsrləri birləşdirən ümumbəşəri körpü: Nizami Gəncəvi yaradıcılığı" adlı layihə həyata keçirib.
APA