Nizami Gəncəvinin Azərbaycanla bağlı obrazları araşdırılacaq

17:40 | 15.01.2014
Nizami Gəncəvinin Azərbaycanla bağlı obrazları araşdırılacaq

Nizami Gəncəvinin Azərbaycanla bağlı obrazları araşdırılacaq

Nizami Gəncəvinin yaradıcılığında Azərbaycanla bağlı motiv və obrazlar daha əhatəli şəkildə araşdırılacaq. APA-nın xəbərinə görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul olunub. İclasda çıxış edən Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini Teymur Kərimli bildirib ki, Nizamiyə İran şairi kimi yanaşmanı aradan qaldırmaq üçün bir sıra elmi tədqiqatlar aparılıb və mühüm nəticələr əldə olunub. Onun sözlərinə görə, bəşər tarixində bir çox sənətkarların müəyyən obyektiv və subyektiv səbəblərdən öz doğma dilində deyil, həmin regionda işlək olan dildə yazması faktına tez-tez təsadüf edilir. T.Kərimli qeyd edib ki, bu səbəbdən yalnız fars dilində yazdığına görə Nizamini və orta əsrlər Azərbaycan poeziya məktəbinin başqa böyük nümayəndələrini İran və ya fars şairi adlandırmaq qətiyyən reallığa uyğun deyil. İstər şairin özü, istərsə də sonralar onun haqqında yazılmış bütün orta əsr qaynaqları onun 1141-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən və XII əsrdə Azərbaycan Atabəylər dövlətinin paytaxtlarından biri olmuş Gəncədə doğulduğunu və ömrü boyu Azərbaycanda yaşayıb yaratdığını birmənalı şəkildə təsdiq edir. Nizaminin dilində çoxlu türk sözləri işlənib. Nizaminin ”Leyli və Məcnun” poemasında öz anasının kürd qızı olduğunu bildirib, “Xosrov və Şirin” poemasında isə özünün saf türk sözü ilə “ikdiş”, yəni “metis” adlandırılıb. Məruzədə daha sonra qeyd olunub ki, bu və digər arqumentlər Nizami yaradıcılığında Azərbaycançılıq ideologiyasının güclü olduğunu, şairin öz doğma vətəninə və xalqına məhəbbətini sübut edir. Tədqiqatların nəticələri AMEA Rəyasət Heyətinin qərarı ilə mühüm elmi nailiyyətlər kimi qiymətləndirilib və bu sahədə araşdırmaların inkişaf etdirilməsi vacib hesab edilib. Qərara əsasən, Rusiya, Avropa və Amerikanın şərqşünaslıq mərkəzlərində təbliğ məqsədilə ezamiyyətlər həyata keçiriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti