Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb
![Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb](https://anews.az/photo/850x500/2025/02/11/1739272659_55-pic_32ratio_900x600-900x600-51461-1.jpg)
İsrail hökuməti döyüşlər zamanı Fələstinə dəymiş ziyanı kompensasiya etməlidir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyada ölkənin baş naziri Ənvər İbrahimlə danışıqlardan sonra mətbuat konfransı zamanı deyib.
“Əvvəlki hallarda olduğu kimi, İsrail son atəşkəs razılaşması çərçivəsində verdiyi vədlərə əməl etməyib. Fələstin torpaqlarının işğalına son qoymalı və dəymiş ziyanı ödəməlidir”, - Türkiyə lideri bildirib.
Ərdoğan əlavə edib ki, İbrahimlə danışıqlar zamanı Fələstin məsələsini ətraflı müzakirə ediblər. Türkiyə prezidentinin sözlərinə görə, hazırkı vəziyyətin əsas problemi İsrailin “israrla işğal və zəbt etmək siyasəti yürütməsidir”.
Türkiyə lideri münaqişənin həlli üçün “1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövlətinin yaradılmasının” zəruri olduğunu vurğulayıb. Ərdoğan qeyd edib ki, Türkiyə və Malayziya Fələstini dəstəkləməyə davam edir.
Bu il yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib . 42 gün davam edəcək atəşkəsin birinci mərhələsi çərçivəsində HƏMAS-ın bütün qadın və uşaqlar da daxil olmaqla 33 israilli girovu azad edəcəyi gözlənilir. İsrail buna cavab olaraq azad edilmiş hər mülki şəxs üçün 30, hər əsgər üçün isə 50 fələstinli məhbusu azad edəcək.
Aytac
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)