Türkmənistan Xalq Məsləhətinin sədri Milli Məclisdə səfərdə olub

Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisi ziyarət edib. Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Qonaqları Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb. Berdiməhəmmədov ilk olaraq parlamentin plenar iclas zalı və Ümummilli Lider Heydər Əliyevin adını daşıyan xatirə zalı ilə tanış olub. Türkmən nümayəndə heyəti burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış keçirib. Berdiməhəmmədov Xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra nümayəndə heyətləri arasında geniş tərkibdə görüş keçirilib. Spiker Sahibə Qafarova səfərin Azərbaycan–Türkmənistan münasibətlərinin inkişafına xidmət edəcəyini bildirib. O, ortaq tarix, mədəniyyət, dil və ailə dəyərlərinin ikitərəfli əlaqələrin möhkəm təməlini təşkil etdiyini qeyd edib.
Qafarova, həmçinin, Türkmənistanın Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində irəli sürdüyü təşəbbüslərə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Görüş zamanı siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələri əhatə edən müqavilə-hüquq bazasının əhəmiyyəti vurğulanıb.
Berdiməhəmmədov Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb və tərəflər arasında regional məsələlər, gender bərabərliyi, gənclər siyasəti, parlament diplomatiyası və digər mövzularda fikir mübadiləsi aparılıb.