Qarabağın bərpasına 22 milyard manat ayrılıb — Vüqar Bayramov

İndiyədək Qarabağ və Şərqi Zəngəzurun bərpasına 22 milyard manatdan çox vəsait ayrılıb. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, yalnız 2025-ci ilin dövlət büdcəsindən bu məqsədlə əlavə 4 milyard manata yaxın vəsait nəzərdə tutulub.
Deputat qeyd edib ki, 2026-cı ilin sonunadək işğaldan azad olunan ərazilərdə 140 min vətəndaşın məskunlaşması planlaşdırılır.
“Azərbaycan öz daxili maliyyə resursları hesabına bərpa və yenidənqurma işlərini həyata keçirir. Bu, ölkənin iqtisadi gücünü və maliyyə dayanıqlığını nümayiş etdirir”, — Bayramov vurğulayıb.
O əlavə edib ki, Azərbaycan hazırda 134 milyard dollarlıq ümumi daxili məhsulla (ÜDM) Cənubi Qafqaz iqtisadiyyatının 60 faizini formalaşdırır. Xarici valyuta ehtiyatları isə 78 milyard dollar təşkil edir və bu göstərici ölkənin xarici borcunu 16 dəfə üstələyir.
Bayramovun sözlərinə görə, ABŞ və Avropa ilə imzalanmış yeni razılaşmalar ticarət dövriyyəsini artıracaq və qeyri-neft sektoruna texnologiya və innovasiyaların cəlbinə şərait yaradacaq. Bu isə iqtisadi diversifikasiya ilə bağlı hədəflərə nail olmağa dəstək verəcək.
Deputat həmçinin Zəngəzur dəhlizi ilə bağlı imzalanan sənədlərin strateji əhəmiyyət daşıdığını qeyd edib.
“Ölkənin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişin təsdiqlənməsi regionun iqtisadi və tranzit potensialını yeni mərhələyə çıxaracaq”, - o əlavə edib.
N.Təbrizli


