907-ci düzəlişin ləğvi ABŞ üçün Bakını regionun əsas strateji tərəfdaşına çevirə bilər
ABŞ Konqresinin 907-ci düzəlişi ləğv etməsi Vaşinqtona Azərbaycanın neft, qaz və nadir torpaq elementlərinə çıxışı genişləndirə və Bakını regionda ABŞ-ın əsas strateji tərəfdaşına çevirə bilər. Bu barədə “Forbes”da dərc olunan məqalədə qeyd edilir.
Müəllif Mark Temnitski yazır ki, Rusiya diqqətini Ukraynaya yönəldərkən onun cənub sərhədlərində “tektonik geosiyasi dəyişikliklər” baş verir: Azərbaycan rəsmi olaraq Mərkəzi Asiya ölkələrindən ibarət C5 blokuna (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan) qoşulub ki, bu da ABŞ və Avropa üçün yeni imkanlar yaradır.
Məqalədə vurğulanır ki, Azərbaycan böyük həcmdə neft, qaz və qlobal sənaye üçün kritik əhəmiyyət daşıyan nadir torpaq metallarına malikdir.
Temnitskiyə görə, Bakının ABŞ-la tərəfdaşlığa daxil edilməsi Vaşinqtona kritik materiallar üzrə əlavə mənbələr təqdim edə və Çin-in nadir torpaq elementləri üzərində qlobal dominantlığını zəiflədə bilər.
“Forbes” yazır ki, Azərbaycan ABŞ-ın regionda mühüm ticarət və enerji tərəfdaşı olmaqda maraqlı görünür.
Müəllif hesab edir ki, bu münasibətləri gücləndirmək üçün Konqres 907-ci düzəlişin ləğvini nəzərdən keçirə bilər.
N.Təbrizli