2026-cı ilin dövlət büdcəsi ilə bağlı parlament müzakirələri - İcmal
Milli Məclisin plenar iclasında 2026-cı ilin büdcə zərfi üzrə 8 qanun və qərar layihəsi müzakirəyə çıxarılıb. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edib.
Bərpa və “Böyük Qayıdış” xərcləri
Maliyyə naziri Sahil Babayev bildirib ki, 2020-ci ildən bəri işğaldan azad edilmiş ərazilərin bərpasına ayrılmış vəsait ilin sonuna 22 milyard manata çatacaq. 2026-cı ildə bu istiqamətə 3,5 milyard manat ayrılacaq və bu, büdcə xərclərinin 8,4%-ni təşkil edəcək.
Sosial xərclər artırılır
2026-cı ildə büdcə xərclərinin 41%-i — 17,1 milyard manat — sosial sahəyə yönəldiləcək. Bu, 2024-cü ilə görə 17% çoxdur. 2022–2026 dövründə sosial xərclərdə ümumi artım 5,6 milyard manat olacaq.
Qeyri-neft gəlirləri artır
Deputat Vüqar Bayramovun sözlərinə görə, 2026-cı il müstəqillik dövrünün ən böyük büdcəsi olacaq və gəlirlərin 58%-ə yaxını ilk dəfə qeyri-neft-qaz sektorunun payına düşəcək.
Vergi islahatları
Deputat Bəhruz Məhərrəmov dəyişikliklərin sahibkarların yükünü azaltmağa yönəldiyini, bəzi sahələrin vergidən azad ediləcəyini, xarici dividendlərə vergilərin azaldılacağını və media üçün güzəştlərin uzadılacağını bildirib.
İqtisadi dinamika və narahatlıqlar
Qüdrət Həsənquliyev ÜDM artımının region ölkələrinə nisbətən zəif olduğunu və hərbçilərin mənzil təminatına ayrılan 35 milyon manatın kifayət etmədiyini vurğulayıb.
Zahid Oruc yol vergisindən daxilolmaların kəskin artım fonunda yanacaq qiymətləri ilə bağlı sualların cavablandırılmasını vacib sayıb.
Elşən Musayev 2026 büdcəsini “Qafqazın ən böyük büdcəsi” adlandıraraq hökumətə yönəlik tənqidlərə etiraz edib.
Regionlar üzrə tənqidlər
Razi Nurullayev regionlarda iqtisadi durğunluq, demoqrafik boşalma və mərkəzləşmiş idarəetmənin inkişafı ləngitdiyini deyib.
Vasif Qafarlı Lerik və Astarada mənzil növbələrinin dayanmasını tənqid edərək nazirliyə iki alternativ mexanizm təklif edib: yeni tikililərin bərpası vəsaitinin artırılması və ev almaq üçün birbaşa ödəniş modeli.
Anar Məmmədov dağlıq rayonlarda şagird sayının azalmasını, müəllim sertifikatlaşdırmasında şəffaflıq və məktəb təmirinə əlavə vəsait tələb olunduğunu bildirib.
Aydın Mirzəzadə sosial evlərin tikintisinin genişləndirilməsini və region kreditlərinin faizlərinin aşağı salınmasını zəruri sayıb.
İnfrastruktur problemi
Fariz İsmayılzadə Lənkəranın Daştatük kəndində selin dağıtdığı məktəb körpüsünün bərpası üçün vəsait ayrılmasını xahiş edib.
Sosial təminat təklifləri
Əli Məsimli vəfat edən şəxsin toplanmış pensiya kapitalının varislərə ödənilməsini və çoxuşaqlı ailələr üçün erkən pensiya hüququnu təklif edib.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İstiqamət: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

Gülnar Nazimqızı