12-ci görüş Qəbələdə keçirilib - Paşinyanın müavini Azərbaycanda
Noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 12-ci görüşü keçirilib.
Bu barədə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyi məlumat yayıb.
Məmnunluqla qeyd olunub ki, komissiyaların 12-ci görüşü tərəflərdən birinin ərazisində – Azərbaycanın Qəbələ şəhərində keçirilir.
Görüş zamanı tərəflər 2025-ci il yanvarın 16-da keçirilmiş 11-ci görüşün yekunları üzrə əldə olunmuş, delimitasiyası üzrə kompleks işlərin dövlət sərhədinin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İranla sərhədinə qədər başlanması barədə razılaşmanı qeyd ediblər.
Tərəflər delimitasiya tədbirləri ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar.
Həmçinin delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair müvafiq təlimat layihələri müzakirə olunub.
Şahin Mustafayev və Mher Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir mübadiləsi aparıblar.
Tərəflər növbəti görüşün tarixini iş qaydasında, Ermənistanın şəhərlərindən birində müəyyən etmək barədə razılığa gəliblər