Prezident Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı ilə görüşüb
Prezident İlham Əliyev yanvarın 21-də Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosla görüşüb.
Söhbət zamanı Marta Kosun ötən il Azərbaycana, o cümlədən Qarabağa səfəri və dövlət başçısı ilə görüşü məmnunluqla xatırlanıb. Marta Kos işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin onda dərin təəssürat hissi yaratdığını bildirib.
Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəlilədilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, enerji, regional nəqliyyat bağlantıları, humanitar minatəmizləmə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub,ölkənin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə toxunulub.
Marta Kos Avropa İttifaqının Azərbaycanın humanitar minatəmizləmə sahəsində fəaliyyətinə, həmçinin Naxçıvanın dəmir yolu xəttinin bərpası layihələrinə dəstək göstərməyə hazır olduğunu qeyd edib.
Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında bir çox sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu vurğulanıb və bu istiqamətdə fikir mübadiləsi aparılıb.