Andrey Babiş Naxçıvana dron hücumu ilə bağlı Prezidentə məktub göndərib
Çex Respublikasının Baş naziri Andrey Babiş Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Babiş məktubda martın 5‑də Naxçıvana edilən dron hücumuna görə narahatlığını ifadə edərək, hücum zamanı həm mülki obyektlərə, o cümlədən Naxçıvan hava limanına zərbələr endirildiyini, məktəb yaxınlığında dronların yerə düşməsi nəticəsində bir neçə nəfərin yaralandığını vurğulayıb.
O, hadisəni “beynəlxalq hüququn kobud şəkildə pozulması və qəbuledilməz zorakılığın artması” kimi qiymətləndirərək bu aktın bütün regionun sabitliyi və təhlükəsizliyi üçün ciddi təhdid olduğunu bildirib.
Çexiya hökuməti adından hücumu qəti şəkildə pislədiyini bildirən Babiş Azərbaycanla həmrəy olduğunu, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və regionda sülhün qorunması istiqamətində səyləri dəstəklədiyini qeyd edib.
Məktubda Babiş Əliyevə olan “ən yüksək ehtiram”ını çatdırıb.