Albaniyada tələbələr Təhsil Nazirliyinin binasını yandırıblar
Albaniyanın paytaxtı Tiranada etiraz aksiyasında iştirak edən tələbələr Təhsil Nazirliyinin binasına od vurublar.Bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, nazirlik binasının birinci mərtəbəsində yanğın baş verib. Nümayişçilər binaya daş və yandırıcı qarışıqlar olan butulkalar atıblar. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Etirazçılar təhsil haqlarının yüksək olmasına, maliyyələşdirmə çatışmazlığına və gənclər arasında geniş yayılmış işsizliyə etiraz edərək bu problemlərin həllini tələb edirlər.
Nümayişçilər Baş nazirin ofisinin qarşısında da "Molotov kokteylləri"ndən istifadə ediblər.
Albaniya polisi iğtişaşlar zamanı altı hüquq-mühafizə orqanı əməkdaşının və bir qadın jurnalistin xəsarət aldığını bildirib. Aksiya iştirakçılarından 23 nəfər saxlanılıb.