Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır.
Belə materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmək vacibdir.
Müasir texnologiyalar sosial şəbəkələrdə hesab yaratmağa, istənilən videonu yükləməyə, görüntüləri montaj etməyə və səsi dəyişdirməyə imkan verir. Süni intellekt vasitəsilə insanın səsini təqlid etmək, onun söyləmədiyi fikirləri adından səsləndirmək də mümkündür. Buna görə də videoda dövlət başçısının görüntülərinin yer alması həmin materialın həqiqiliyini və onu paylaşan hesabın rəsmi olduğunu təsdiqləmir.
Anews.az Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını diqqətə çatdırır:
X (Twitter): //twitter.com/azpresident
Instagram: //www.instagram.com/presidentaz/
Facebook: //www.facebook.com/PresidentIlhamAliyev
YouTube: //www.youtube.com/@presidentaz
Bu hesabların hamısına keçid Prezidentin rəsmi internet səhifəsində – president.az saytında yerləşdirilib.
Prezidentin adından istifadə edən, onun foto və videolarını paylaşan hər bir səhifə rəsmi hesab deyil. Səhifənin adı və izləyicilərinin sayı da məlumatın etibarlılığını təsdiqləmir.
Oxuculara Prezident İlham Əliyevin fəaliyyəti barədə məlumatları president.az saytından və orada keçidləri göstərilən rəsmi sosial şəbəkə hesablarından izləmək tövsiyə olunur. Digər hesablarda yayılan materialları paylaşmazdan əvvəl onların doğruluğunu rəsmi mənbələrdən yoxlamaq vacibdir.
Son xəbərlər
Daha çox