Ukrayna prezidenti Pyotr Poroşenko atəşkəs rejiminin vaxtından əvvəl ləğv oluna biləcəyini istisna etməyib.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin rəsmi saytında bildirilir.
“Donetskdə, Üçtərəfli Təmas Qrupunun nümayəndələri ilə görüşdə verdikləri vədlərinə zidd olaraq, silahlılar iyunun 24-də Ukrayna Silahlı Qüvvələrinə məxsus helikopteri vurublar, nəticədə 9 nəfər həlak olub. Prezidentin sülh planı elan olunandan bu günədək terrorçular 35 dəfə hərbçilərə atəş açıblar”, deyə məlumatda qeyd olunub.
“Atəşkəs rejiminin daim pozulması səbəbindən o vaxtından əvvəl ləğv oluna bilər”, deyə Poroşenko güc strukturlarının nümayəndələri ilə görüşdə qeyd edib.
Tərəflərin qarşılıqlı razılığına əsasən, atəşkəs rejimi iyunun 27-dək davam etməlidir.
ANN.Az