Prezident Yaşar Güləri qəbul etdi

12:29 | 27.08.2023
Prezident Yaşar Güləri qəbul etdi

Prezident Yaşar Güləri qəbul etdi

Prezident İlham Əliyev avqustun 27-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib.

Dövlət başçısı Yaşar Gülərin Türkiyənin milli müdafiə naziri vəzifəsinə təyin edilməsini Türkiyə Prezidenti tərəfindən göstərilən böyük etimad kimi dəyərləndirdi və ona vəzifəsinin icrasında uğurlar arzulayıb.

Prezident İlham Əliyev Yaşar Gülərin Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin birgə işbirliyi ilə bağlı böyük səylər göstərdiyini və töhfələr verdiyini vurğuladı, bu işbirliyinin çox yaxşı səviyyədə olduğunu qeyd edib.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Prezident seçiləndən sonra Azərbaycana həyata keçirdiyi ilk dövlət səfərinə toxunaraq, bu səfər zamanı Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışının önəmini vurğulayıb.

Xoş sözlərə görə minnətdarlığını ifadə edən Yaşar Gülər özünün və rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərdən böyük məmnunluq və şərəf hissi duyduqlarını bildirərək, ilk növbədə Türkiyə Prezidentinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Türkiyənin milli müdafiə naziri torpaqlarımızın işğaldan azad edilməsinə toxunaraq, şəhidlərimizin ruhunu ehtiramla yad edib, Azərbaycan əsgərlərinin fədakarlıq və qəhrəmanlıqlarının heç zaman unudulmayacağını deyib.

Yaşar Gülər qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində Azərbaycanın beynəlxalq aləmin önəmli və nüfuzlu üzvünə çevrilməsi böyük qürur hissi doğurur. Nazir iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin və təmasların əlaqələrimizin daha da güclənməsi işinə çox müsbət təsir göstərdiyini bildirib və azərbaycanlı həmkarları ilə səmərəli qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd edib.

Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti