Rusiya prezidenti Vladimir Putin ordunun Suriyadan çıxarılması barədə göstəriş verib. O, bu qərarını Suriyada qarşıya qoyulan vəzifələrin artıq icra olunduğu ilə əlaqələndirib. Putin bildirib: "Hesab edirəm ki, Müdafiə Nazirliyi və Silahlı Qüvvələr qarşısında qoyulan vəzifə, ümumilikdə, icra edilib və buna görə müdafiə nazirinə ordu birləşmələrinin əsas hissəsinin sabahdan etibarən Suriyadan çıxarılmasına başlamağı əmr etmişəm”.
Rusiya qoşunlarının Suriyadan çıxarılmasının əsas səbəbi nədir? Putinin bu qərarının arxasında hansı siyasi nüans dayanır? Rusiyanı Qərbin sanksiyaları bu addımı atmağa vadar etdimi?
Rusiya ordu birləşmələrinin Suriyadan çıxarılmasını ANN.Az-a politoloq Zərdüşt Əlizadə və İlqar Vəlizadə şərh ediblər.
"Rusiya çox yaxşı bilir ki, qərbin sanksiyaları onları çökdürür” - Zərdüşt Əlizadə
Politoloq Zərdüşt Əlizadə hesab edir ki, Rusiya Suriyadan qoşunları çıxarmaqla yeni bir münaqişəyə başlamayacaq: "Hazırda Rusiya özü uçuruma gedir. Baxmayaraq ki, prezident Putinin yüksək reytinqi var, amma bunların hamısı ötəri şeylərdir. Ölkənin qüdrətini, gücünü boş-boş sözlərlə artırmaq olmur. Ölkənin vəziyyəti iqtisadi durumla ölçülür. Rusiyanın özü də çox yaxşı bilir ki, qərbin sanksiyaları onları çökdürür. O cümlədən hərbi sənayeni də zəiflədir. Putin bunları çox yaxşı bilir ki, bu sanskiyalar ölkə daxilində parçalanmaya səbəb ola bilər. Ona görə də humanistlik göstərərək Suriyadan qoşunları çıxardır. Həmçinin Rusiya bu addımı ilə ABŞ-a yaxınlaşıb çətin vəziyyətdən qurtulmaq istəyir”.
"Rusiya qoşunları Suriyada demək olar ki, heç bir məqsədə nail ola bilmədi” – İlqar Vəlizadə
İlqar Vəlizadənin sözlərinə görə, Rusiya Suriyadan qoşunları çıxarma prosesinə hələ bir müddət bundan öncə başlayıb: "Buna hazırlıq gedirdi. Əldə olunan atəşkəs razılığı bu prosesin başlanğıcı idi. Çünki atəşkəs razılığında göstərilmişdi ki, qoşunların rahat şəkildə ölkədən çıxarılması üçün şərait yaradılsın”.
Siyasi şərhçi qeyd edib ki, qərbin Rusiyaya yönəlik sanksiyaları bu qoşunların çıxarılmasına təsir göstərməsi ilə yanaşı başqa səbəblər də var: "Son bir həftədə Rusiya hava qüvvələri Suriyanın şimalını bombardman edirdi və çoxsaylı insanlar tələf oldu. Müsəlman ölkələrini belə durumlar çox ciddi narahat edir. Xüsusən də Birləşmiş Ərəb Əmirlikləri çox narahatlıq keçirdilər. Bu isə Rusiya ilə ərəb ölkələrinin arasındakı münasibətlərin birdəfəlik kəsilməsi ilə nəticələnə bilərdi. Həmçinin bir çox geosiyasi hadisələrə gətirib çıxarardı. Onsuz da Rusiyanın Türkiyə ilə, qərblə yetəri qədər problemi var və yeni problemlərin yaranmasını yəqin ki, istəməzdi. Hətta son vaxtlar Rusiya-İran münasibətlərinin yaxşılaşmasından sonra prezident Həsən Ruhani bildirmişdi ki, Rusiyanı bir çox məsələlərdə dəstəkləsələr də, Suriyanı bombalamasına heç də yaxşı baxmırlar”.
İlqar Vəlizadə sonda xatırladıb ki, rus ordusunun Suriyada gördüyü işlər haqqında Rusiya KİV-ləri yazmasalar da, ərəb ölkələrinin mediası bu mövzuya geniş şəkildə toxunub: "Onsuz da bu qoşunların Suriyada qalmasının nə Bəşər Əsədə bir xeyri var, nə də İŞİD-la mübarizə də hər hansı iş gördü. Rusiya qoşunları Suriyada demək olar ki, heç bir məqsədə nail ola bilməyib. Rusiya qoşunlarının Suriyada qalması həmçinin onlara maddi tərəfdən də çox ziyan verdi. Putin bunu başa düşüb qoşunları ordan çıxarmaq göstərişi verdi”.
Orxan Aslanlı
Bizi sosial şəbəkələrdə izləyin !