Qərbi Azərbaycan İcması və Azərbaycan Respublikasının digər vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Təlatümlü XX əsrdə etnik azərbaycanlılar Ermənistan tərəfindən amansızcasına ağlasığmaz vəhşiliklərə, deportasiyalara və müxtəlif təqiblərə məruz qalmışdır ki, bunlar azərbaycanlıların xatirələrində dərin iztirab və sağalmaz izlər buraxıb.
1987-1991-ci illərdə azərbaycanlıların Ermənistandan vəhşicəsinə qovulması onların vaxtilə öz ata-baba yurdları olmuş ərazilərdən izlərinin silinməsi məqsədilə aparılan bir əsrlik kampaniyanın dəhşətli sonu oldu. Bir vaxtlar Azərbaycan mədəniyyətinin çiçəklənən beşiyi olmuş, indiki Ermənistandakı Azərbaycan məskənləri əsl sahiblərinə həsrət içində tərk edilmiş qalıb.
Bu vəhşiliklər azmış kimi, Ermənistan 1991-1994-cü illərdə Azərbaycan ərazilərini işğal edərək xalqımızı daha acı iztirablara düçar etdi. 800 minə yaxın azərbaycanlı öz yurd-yuvasından vəhşicəsinə qovulmuş, məcburi köçkünlüyün acı taleyini yaşamalı olmuşdur. Azərbaycanlıların qəbiristanlıqları, müqəddəs məkanları nümayişkaranə şəkildə dağıdılmış, mədəni irsi təhqir olunmuş, onlara sağalmaz yaralar vurulmuşdur.
Ermənistanın vəhşiliyi sərhəd tanımamışdır. Ermənistan Azərbaycanın dinc vətəndaşlarına qarşı çoxsaylı qırğınlar törətmiş, 20 mindən çox günahsız insanın həyatına son qoymuşdur. Bu günə qədər itkin düşmüş 4000 nəfərin naməlum taleyi Azərbaycan xalqının çəkdiyi acı kədər və iztirabların ağrılı bir yaddaşına çevrilmişdir.
Doğma yurdlarından didərgin salınmış yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün çadır düşərgələrində heç bir rahatlıq olmadan ağlasığmaz həyat şəraitində yaşamalı olmuşdur. Bu uzun sürən məcburi köçkünlük ailələri bir-birindən ayrı salmış, icmaların sosial bağlarını qırmış, onları ümidsizlik və qeyri-müəyyənliklə üz-üzə qoymuşdur.
Ermənistan illər boyu həyasızcasına beynəlxalq hüquq normalarını pozaraq, işğalçılıqdan əl çəkməmiş və azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına mane olmuşdur. Ancaq 2020-ci ilin payızında Azərbaycan Ermənistanın növbəti mənfur hücumunu dəf edərək, işğal altındakı ərazilərini azad etdikdən sonra məcburi köçkünlərin evlərinə qayıtmaları üçün nəhayət bir ümid işığı yandı.
Bununla belə, bərpa və reinteqrasiyaya gedən yolda misli görünməmiş çağırışlar və çətinliklərdən qalmaqdadır. Ermənistan bir vaxtlar işğal etdiyi torpaqları qəddar niyyətlə çoxsaylı minalarla çirkləndirərək həmin əraziləri yaşanmaz hala - ölüm tələsinə çevirib. İnsan həyatına açıq-aşkar etinasız yanaşan Ermənistan bu gizli ölüm toxumlarının yerini açıqlamaqdan imtina etməklə beynəlxalq humanitar hüququn qayəsinə zərbə vurur.
Azərbaycan xalqının çəkdiyi böyük iztirablara açıq-aşkar məhəl qoymamaqları ilə bəlli etdikləri kimi, özünü "beynəlxalq ictimaiyyət” adlandıranların selektiv yanaşması qərəz və biganəliyin aydın təzahürüdür. Görünür, onlar məcburi köçkünlük, təqib və qırğınlarla üzləşmiş azərbaycanlıların acınacaqlı taleyini rahatlıqla unutmağa üstünlük verirlər. Əvəzində isə diqqəti Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin əslində mövcud olmayan və uydurma "potensial” problemlərinə yönəltməyə cəhd göstərirlər.
Narahatlıq yaradan saxtakarlıqlardan biri də keçmişin acı həqiqətlərini qəsdən ört-basdır etməklə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisinin sanki müstəsna olaraq ermənilərə aidmiş kimi göstərmək cəhdləridir. Məsələ burasındadır ki, azərbaycanlılar həmin ərazidəki bir çox yaşayış məntəqələrindən, o cümlədən Xankəndidən, Kərkicahandan, Malibəylidən, Qaradağlıdan və Xocalıdan vəhşicəsinə qovulublar. 1992-ci il Ermənistan silahlı qüvvələrinin azərbaycanlı dinc sakinləri kütləvi şəkildə qətlə yetirdiyi Xocalı qətliamının acı xatirələri yaddaşlarda silinməz izlər buraxıb. Məcburi köçkün azərbaycanlılar həmin yaşayış məntəqələrinə hələ də qayıda bilmirlər. Ermənilər üçün eksklüzivlik mənzərəsi yaratmağa çalışan bu cür aldadıcı bəyanatlar yalnız ədalətsizliyin və bölücü yanaşmanın davam etdirilməsinə xidmət edir.
Belə bir mövqe Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətlərini, irqi ayrı-seçkiliyini dəstəkləyir, ədalətsizliyin tüğyan etməsinə və Azərbaycan xalqına qarşı zülmün davam etdirilməsinə şərait yaradır.
Bu imtiyazlı münasibətdən cəsarətlənən Ermənistan qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququnu inkar edərək öz təkəbbürünü davam etdirir. Onlar məcburi qovulmanı həyasızcasına "könüllü” adlandıraraq azərbaycanlı qaçqınları Ermənistana geri qayıtmaqla bağlı fundamental hüquqlarından məhrum etməyə əxlaqsızcasına cəhd edirlər. Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıtması ilə bağlı Qərbi Azərbaycan İcması ilə dialoqdan Ermənistanın israrla imtina etməsi, İcmanın haqlı mübarizəsini "ərazi iddiası” kimi qələmə verməsi bu dövlətin monoetnik siyasətdən əl çəkməməsinə və Ermənistanda dərin kök salmış azərbaycanofobiyaya daha bir narahatedici sübutdur.
Bundan başqa, Ermənistanın "Qarabağ ermənilərinin müstəsnalığı” iddiası problematik və dərin narahatedici bir ideologiya ilə səsləşir. Bu, hamı üçün həyəcan təbili çalan tarixi paralelləri xatırladır. Belə bir təhlükəli yanaşma irqi üstünlüyə və etnik mənsubiyyətə görə başqalarını təcrid etməyə inancı nümayiş etdirir.
Beynəlxalq ictimaiyyətin Ermənistanın cinayətlərini pisləməməsi onun ermənipərəst qərəzini bir daha göstərir və azərbaycanlıları layiq olduqları dəstəkdən məhrum edərək onları bu ədalətsizliyin yükünü daşımağa məcbur edir.
Azərbaycanlıların didərgin düşməsi bəşəriyyətin nə dərəcədə rəhmsiz və biganə ola biləcəyinin dəhşətli bir sübutudur. Azərbaycan xalqına vurulan yaralar dünyanı öz ikili standartlar maskasını yırtmaq və bu dəhşətli ədalətsizliklərə mərdi-mərdanə sinə gərmək üçün meydana səsləyir.
Beynəlxalq ictimaiyyətin öz davranışı barədə götür-qoy etməsinin, selektiv yanaşmasını aradan qaldırmasının və etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq həqiqətən də ədalət və insan hüquqlarının müdafiəsinə qalxmasının vaxtı çoxdan gəlib çatıb. Yalnız bu halda biz ayrı-seçkiliyi rədd edən, həqiqi sülh və barışığa qucaq açan ədalətli və hər kəsi ağuşuna alan dünyaya ümid edə bilərik.
2. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova
3. "Qarabağa Dönüş" İctimai Birliyinin sədri Tural Gəncəliyev
4. "Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva
5. "Qarabağ itkin ailələri” İctimai Birliyinin sədri Könül Behbudova
6. "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyinin sədri Vüqar Qədirov
7. "Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Ələkbərli
8. D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova
9. İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı
10. Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti-Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı
11. "Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri Mehriban Məmmədova
12. Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Rauf Zeyni
13. "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri Ramil İskəndərli
14. "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov
15. "Qaçqın və Deportasiya Olunmuşlara Dayaq" İctimai Birliyinin sədri Oktay Sadıqov
16. Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu
17. "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə
18. "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı
19. "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə
20. "Erməni təcavüzünün tanıdılması" İctimai Birliyinin sədri Səriyyə Cəfərova
21. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov
22. "Elmi Araşdırmalar” ictimai birliyinin sədri Telman Qasımov
23. "Mediada İnnovativ Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri Müşfiq Ələsgərli
24. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev
25. "Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri Nəsiman Yaqublu
26. Azərbaycanda yaşayan Axısxa türklərinin "Vətən" İctimai Birliyinin sədri Xalid Xəlilov
27. "Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyinin sədri Mariya Hüseynova
28. "Azəri Tat Mədəniyyət Mərkəzi” İctimai Birliyinin sədri Elman Əhmədov”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !