Azərbaycan Müdafiə Nazirliyi Qarabağda 2021-ci il istehsalı olan "TOS-1A" odsaçan raketləri aşkarlayıb. Bu barədə nazirliyin açıqlamasında qeyd olunub.
"Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra əraziyə baxış zamanı aşkar olunan "TOS-1A" odsaçan sisteminin raketlərindən bir qisminin 2021-ci ildə istehsal edildiyi müəyyən edilib. Bölgədə aşkar edilən "Kornet” və "Faqot" tank əleyhinə raket komplekslərinin idarə olunan raketlərindən bəzilərinin 2020-ci ilin sonunda bağlanmış müqaviləyə əsasən Ermənistan tərəfindən istehsalçıdan birbaşa, bəzilərinin isə üçüncü dövlət vasitəsilə satın alınaraq Qarabağa gətirildiyi müəyyən edilib", - qurumun məlumatında deyilir.
Sentyabrın 19-da Azərbaycan Qarabağda lokal əməliyaytların keçirilməsini elan edib. Bir gün sonra Rusiya sülhməramlılarının vasitəçiliyi ilə tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunub. Sentyabrın 28-də Qarabağın qondarma "rəhbəri" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək separatçı rejimin ləğv olunmasını elan edib. Bildirib ki, Qarabağda qalmaq istəyən vətəndaşlar Azərbaycanın təklif etdiyi reinteqrasiya ilə bağlı təqdim olunan sənədlə tanış ola bilərlər.
Azərbaycan Müdafiə Nazirliyi antiterror əməliyyatlarından sonra Qarabağda Ermənistana məxsus bir çox silah anbarları aşkarlayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 26-da Gürcüstanda keçirilən forumda bildirib ki, Azərbaycanla yaxın aylarda sülh müqaviləsi imzalana bilər.
Hazırda Azərbaycanın Ermənistana göndərdiyi sənəd üzərində işlər aparılır.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !