Zaur Əliyev
Qeyd edək ki, Qarabağ münaqişəsi zamanı itkin düşmüş, əsir və girov götürülmüş şəxslər 4210 nəfərdir. Onlardan 3401-i hərbçi, 802-si mülki şəxsdir, 7 nəfərin isə hərbçi və ya mülki olduğu məlum deyil.
Dağlıq Qarabağda qanlı müharibələrin başladığı ilk günlər azərbaycanlı əsirləri Şuşa və Xankəndi həbsxanalarında saxlayan ermənilər Qırımızı Xaç və digər beynəlxalq təşkilatların gözlərindən onları gizlətmək üçün bir neçə əsas gizli məkan seçir. Onlardan biri Spitak şəhərində zəlzələ nəticəsində yararsız hala düşən binaların birində yaradılan gizli düşərgə (Ermənistan, ünvan; 306-cı məhəllə), digərləri Əsgəran rayonunda (Qarabağ) yerləşən bankın zirzəmisi, Şuşa həbsxanasının zirzəmisi idi. Girov götürülmüş qadınlar isə Xankəndidə uşaq bağçalarında saxlanılırdı.
Məlumatlara görə, digər azərbaycanlılar işğal olunmuş ərazilərdəki əsir düşərgələrindədir. Kəlbəcər rayonunda qızıl çıxarılan mədənlərin içərisində, Gümrüdə keçmiş hərbi bazalarda... Əsirlər ilk olaraq işğal olunan rayonlarda ermənilərin talançılıq məqsədi ilə fəhlə kimi işlədilib. Ermənistan və Qarabağda çox azərbaycanlı əsir saxlanılır. Amma onlar bu adamların konkret saxlanma yerini açıqlamağa qorxurlar. Hazırda onların bir çoxu Kəlbəcər rayonunun Zod kəndi, Ağduzdağ və Tutxun qızıl yataqlarında qul kimi işlədilir.
Əsasən, əsir azərbaycanlıların bir qismi Kəlbəcərdə saxlanılır. İrəvanda, Gümrüdə də əsir azərbaycanlılar az deyil. Onlardan, əsasən, ağır fiziki işlərdə istifadə olunur.
ABŞ-da siyasi sığınacaq alan keçmiş hərbçi Mesrop Martirosyanın bir neçə il öncə ABŞ məhkəməsinə verdiyi ifadələrdə qeyd olunur ki, Ermənistanda və işğal olunmuş ərazilərdə azərbaycanlı əsirlər saxlanır və onların sayı çoxdur, həmin əsirlərə işgəncə verildiyinin şahidi olub.
Erməni əsirliyində olmuş Pənah İskəndərovun izahatından: "Məni bir yerdə saxlamırdılar. Şuşada 1-2 gün qaldıqdan sonra yenidən Xankəndinə göndərildim. Yaram nisbətən sağalmışdı. Xankəndidə tikintidə işləyirdim. Məni və digər əsirləri Xankəndi şəhərinin mərkəzində Samvel Babayan üçün inşa olunan imarətdə işlədirdilər. Evin tikintisində istifadə olunan daşları Malıbəyli kəndindən söküb gətirirdik. Qarnımdan aldığım yara çirk elədiyi üçün Xankəndidə olan 3 saylı uşaq xəstəxanasına apardılar. Orada əsir götürülmüş azərbaycanlı yaralılar saxlanılırdı. Onların arasında qadın, uşaq da vardı. Azərbaycanlı əsirlər mənim yaralarımı açır, təmizləyib sarıyırdılar. Birinin adını təxmini xatırlayıram, Gülcahan idi. Dediyinə görə, Kəlbəcər rayonunda anadan olmuşdu və elə orada əsir düşmüşdü".
Hətta bəzi girov və əsirlərin Azərbaycan qəbirlərinin dağıdılmasına etiraz olaraq intihar etdikləri bildirilir. Belə şəxslərdən Məmmədəli Qasımovun adını çəkmək olar. Guya o, 16 iyun 1994-cü ildə qaçış zamanı öldürülüb. Əslində, bu şəxs azərbaycanlı məzarını qazmaqdan və başdaşlarını sökməkdən imtina etdiyi üçün güllələnib.
Digər bir soydaşımız - Elxan Əhmədov adlı girov Qarabağda işlərdən imtina etdiyi üçün 1994-cü ilin yanvar ayında İrəvan polis idarəsinə aparılaraq güllələnib.
16 fevral 1994-cü ildə Ermənistan Respublikası Xarici İşlər Nazirliyi guya qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü bəyan etmişdi. Bakıda meyitlər üzərində keçirilən məhkəmə tibbi ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın "Həkimlər insan hüquqları uğrunda" təşkilatının üzvü, professor Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah nahiyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirmiş və əsirlərin guya "qaçmağa cəhd edərkən" öldürülməsi fikrini rədd etmişdi.
Səfər Babayev adlı əsirimiz Qarabağda qəbir daşlarını sökməkdən imtina etdiyinə görə öldürülüb və 1992-ci ilin aprelində meyiti ailəsinə təhvil verilib. Əsirlikdə olan soydaşlarımızın verdiyi məlumatlara görə 5 azərbaycanlının Drambon kəndində (Dağlıq Qarabağ) ağır fiziki işlərdə qul kimi istifadə edilərək öldürüldüyünün şahidi olub.
1993-1995-ci illərdə Şuşa, Xankəndi və Xocavənd rayonlarında əsir saxlanılmış Rəsul Nemət oğlu Ramazanov Dövlət Komissiyasına ünvanladığı 474/DK saylı izahatında yazır: "Şuşa şəhərində saxlandığım dövrdə orada azərbaycanlıların qəbiristanlığındakı başdaşlarının, qədim türbələrin, qiymətli plitələrin sökülməsinin şahidi olmuşam.
Bundan başqa, qədim şəhər məscidinin də söküldüyünü görmüşəm. Həmin materiallar Yerevana aid nömrə nişanlı maşınlarla birbaşa Ermənistana daşınırdı. Göstərilənlərlə yanaşı, Ağdam rayonundakı tikililərin də sökülüb daşındığını görmüşəm".
Yevlax rayonunda məcburi köçkünlər üçün salınmış şəhərcikdə məskunlaşmış Əliyev Akif Yusif oğlunun məlumatına əsasən, Kəlbəcər rayonu işğal olunan zaman yaxın qohumları və ailə üzvləri ermənilər tərəfindən girov götürülüb. Qarşı tərəflə radioəlaqə zamanı onların Kərkicahan kəndindəki fermada saxlandıqlarını, təsərrüfat işlərinə cəlb edildiklərini öyrəniblər.
Əsgəran rayonunun Daşbulaq kəndindən olan, milliyyətcə erməni Şahverənov Suqanın Moskva şəhərində verdiyi məlumata görə, bir qrup azərbaycanlı Daşbulaq kəndində saxlanılıb, onları kənd təsərrüfatında işlədirlər.
1991-1993-cü illərdə əsir düşən uşaqların çoxu orqan mafiyasının qurbanı olub. Parisdəki Necker (ünvan: 149, rue de Sèvres, Paris 15, France) adına xəstəxana ilə əlaqə quraraq bu işə rəhbərlik edən 1962-ci ildə Sumqayıtda anadan olmuş Laura Gevorkovna Lalayandır. Bu "qadın" müharibə illərində əsir düşən uşaqların orqanlarını çıxararaq dünya qara bazarında satışını təşkil edib. Bu günə qədər tam olaraq adı bir sənəddə keçməyən xəstəxanaya uşaqları qəddar terrorçu qadın Laura Lalayan aparırdı. Burada uşaqlara fiziki əzab verilməsi ilə yanaşı, mənəvi əzablar da verilirdi. 1992-ci ildə Ermənistan Elmlər Akademiyasının fizika bölməsinin əməkdaşı Aleksandr Tamanyanın rəhbəri olduğu "X" məxfi qrupunun üzvləri ilə birgə həyata keçirilən bu əməliyyatdan Laura və Aleksandr külli miqdarda pul götürürdülər. Hazırda Lauranın yaratdığı məktəbdə əsir və girovların övladları hazırlanır. Məktəbdə əsir azərbaycanlı uşaqlara dərs proqramı belə hazırlanıb: ilk olaraq hər səhər Ermənistan himnini dinlədirlər, daha sonra xaça səcdə və "əzabkeş erməni xalqına" dua edirlər. Ardınca erməni tarixindən seçmələr, erməni mədəniyyəti və türkün düşmən olduğunu göstərən xüsusi psixoloji dərslər keçirlər.
(Publika.az)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !