““At gedişi” filmində Qazaxıstandan bir sıra həvəskar “artist” rol alıb. Bu filmin Qazaxıstan dövləti və siyasəti ilə heç bir əlaqəsi yoxdur”.
Bunu Modern.az saytına Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzləri İttifaqının sədri Vidadi Salahov deyib. O bildirib ki, ermənilər müəyyən qonorar müqabilində, sadəcə olaraq bir neçə qazağı filmdə iştirak etmək üçün dəvət ediblər.
V. Salahovun sözlərinə görə, Qazaxıstanda sözügedən film qadağan olunub:
“Televiziyalar və kinoteatrlar həmin filmi qəbul etmədilər. Ermənilər filmin Qazaxıstanda nümayişinə nail olmağa çalışsalar da, bu baş tutmadı”.
V. Salahov onu da əlavə edib ki, diaspor rəhbəri kimi məsələ ilə əlaqədar Qazaxıstan Prezident Administrasiyasına müraciət edib:
“Prezident Administrasiyasından mənə məlumat verdilər ki, “At gedişi” filmi heç bir siyasi məqsəd daşımır və həmin kino qadağan olunub. Qazaxıstan əhalisi də film haqqında çox mənfi fikirdədir. Həmin filmdə iştirak etmiş “aktyorları” tənqid edirlər”.
Qeyd edək ki, “At gedişi” filminin Qazaxıstanla Ermənistan istehsalı olması barədə informasiyalar yayılıb. Filmdə Azərbaycanın işğal olunmuş torpaqlarının Ermənistan ərazisi kimi göstərilməsi də ciddi tənqid olunub.
Modern.az